Ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır.Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.İnsanı insan edən və insanı ən layiqli edən fəzilətli davranışlar vardır.Köməkçi olmaq,vətənpərvər olmaq,əməkdaşlıq etmək,əxlaqlı olmaq..Bunların ən mühüm olanlarından biri də xeyirxahlıq hissidir.Bütün bu əxlaqi keyfiyyətləri yaddaşlarda, ürəklərdə xeyirxah,mehriban,səmimi bir insan kimi qalan Ağayev Ağasəlim Həmid oğluna şamil etmək olar.Xeyirxahlıq ona ata -babasından qalmışdı.Atası Həmid kişi Böyük Vətən müharibəsi başlayanda 40 yaşında olmasına baxmayaraq dörd azyaşlı övladını qoyub cəbhəyə yollanmışdı,mərdliklə vuruşur, ağır yaralanandan sonra ordudan tərxis olunub geriyə qayıdır və təsərrüfatda işləməyə başlayır.Sovet dövründə də Allahı,İslamı təbliğ edib,el ağsaqqalı kimi bir çox xeyir işlərin başında durub.1918- ci ildə ermənilərin talan etdiyi Hacıhətəmli kəndini azad edərkən Qafqaz İslam Ordusunun bir zabiti,iki əsgəri həlak olur.Sovet dövründə, türklərin işğalçı kimi qiymətləndirildiyi bir dövrdə türk şəhid məzarlarına da yabançı münasibət bəslənirdi,Həmid kişi isə bütün bu təzyiqlərə, xüsusilə də qonşu kəndlərdə yaşayan ermənilərin fitnə-fəsadına baxmayaraq türk qəbirlərini qorudu,abadlaşdırdı,itməyə qoymadı, çünki onlar keşməkeşli həqiqi tariximizin yadigarları idi.1967-ci ildə Turkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl Azərbaycana gələrkən Həmid kişiyə bu xeyirxah əməlinə görə minnətdarlıq bildirmiş və onu Türkiyəyə dəvət etmişdi…
Ağayev Ağasəlim 1944-cü ilin 5 avqustunda dünyaya göz açmışdır.Orta təhsilini Hacıhətəmli kənd orta məktəbində almış, sonra maliyyə-kredit texnikomunda təhsil alıb doğma rayonuna qayıtmış, müxtəlif müəssisələrdə mühasib işləmişdir.Sonradan peşəkarlığını,təmizliyini nəzərə alıb onu İsmayıllı Rayon Polis Şöbəsinə baş mühasib vəzifəsinə təyin etdilər.İnsandan bir çox keyfiyyətlər, dözüm,iradə tələb edən bu vəzifədə 40 ildən çox işlədi, böyük hörmət sahibi oldu.Çalışdığı kollektiv də, qohum-əqrəba da,həmkəndliləri də-hamı onu səbrli,təmkinli,alicənab,gözütox, dünya malına tamahı olmayan,ağayana bir insan kimi tanıyır,hədsiz hörmətlə yanaşırdılar.O hər zaman çalışırdı ki,kimsə haqsızlıqla üzləşməsin,dara duşənlərə yardım əlini uzadırdı.Peşəkar mütəxəssis,sədaqətli dost, təəssübkeş eloğlu olmaqla yanaşı çox gözəl,ideal ailə başçısı idi.Ömür-gün yoldaşı Aşa xanımla sevgi dolu örnək bir ömür sürüblər.Beş övlad atası olub.Övladları da bu ailənin,nəslin mehribanlığa,təmizliyə köklənmiş ruhunu yaşadırlar,valideynlərinə layiq övladdırlar.Valideyn övladına iki şey miras qoyur,təmiz ad və düzgün tərbiyə.Ağasəlim Ağayev o kəslərdəndir ki,onun adıyla,əməlləriylə nəinki övladları,həmkəndliləri,milli mentaliteti gələcək nəsillərə aşılamaq istəyən hər bir azərbaycanlı fəxr edə bilər.O hamımıza örnək olan bir ömür yaşayıb.Ağasəlim Ağayev 2020-ci il dekabrın 5-də qəfil gələn amansız xəstəlik səbəbilə yetmiş altı illik ömrünə,onu çox sevən ailəsinə,doğmalarına əlvida dedi.Dəfninə yığılıb gələn insan axını nəinki həyətə, küçələrə belə sığmadı.Hamı bu xeyirxah insanı,el ağsaqqalını son mənzilə yola salmağa tələsdi.Ürəklərdə taxt quran “Ağasəlim baba”son mənzilə yola salındı.Bu gün o,həyatda olmasa belə övladlarının,onu sevənlərin qəlbində özünə əbədi məskən salıb.Hər zaman qəlbimizdə yaşayacaqsan,əziz atam.
Aytən Ağasəlimqızı



















