Əli Kərimlidən mesaj:”Bizi ona görə həbs ediblər ki, xalqa zidd siyasətlərini uğur kimi sırıya bilsinlər”
Əli Kərimlidən yeni mesajlar
AXCP lideri Əli Kərimli ailəsi ilə növbəti telefon danışığında ictimaiyyət üçün müəyyən fikirlərini də çatdırıb. Əli bəy bildirib:
- Burda ancaq AzTV-yə baxa bilirəm. Oradan görürəm, İlham Əliyev deyır ki, biz uzun müddətdir Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının mövqeyine fikir vermirik. Diplomatik dildə bu o deməkdir ki, qitənin ən böyük parlamentini, 27 dövlətin formalaşdırdığı parlamenti və Avropa Şurası Parlament Assambleyasını iqnor edirik. Nəyə görə Azərbaycanın avtoritar rejimi bu parlamentləri iqnor edir? Çünki bütün dünyada hüququn iflas etdiyi, qaydaların pozulduğu, “realpolitik”in üstünlük təşkil etdiyi bir şəraitdə Avropa qitəsində bu gün yalnız Avropa Parlamenti və AŞPA Avropa dəyərlərinin keşiyində durmağa gücü çatdığı qədər çalışır.
İnsan haqları, qanunun aliliyi, demokratiya, azad seçki, azad mətbuat belə görünür ki, yalnız Avropa Parlamentinin və AŞPA-nın gündəmindədir. Təsadüfi deyil ki, artıq üçüncü ildir Azərbaycanın saxta yolla seçilmiş parlament heyətini AŞPA akkreditasiya etməyib. Buna görədir ki, Azərbaycandakı rejim onları iqnor edir. Başa düşülməyən budur ki, Avropa Parlamentinin və AŞPA-nın iqnor edilməsini Avropa Komissiyası, Avropa hökumətləri sadəcə seyr edir. Onlar Avropanın 27 dövlətinin formalaşdırdığı parlamentin və 47 dövlətin Parlament Assambleyasının bu şəkildə iqnor edilməsinə imkan verməməlidirlər. Bu qurumlar ilk növbədə Avropanı, Avropada qəbul edilmiş konvensiyaları təmsil edir və bütün dünyada Avropa dəyərlərinin keşikçisi kimi çıxış edirlər.
Məni narahat edən ikinci məsələ: Televiziyada sevinclə, ağız dolusu danışır, xalqa minnət qoyurlar ki, xarici ölkələrə böyük investisiyalar qoyuruq, Birleşmiş Ərəb Əmirliklərinə yatırım edirik. BƏƏ-nin nə ehtiyacı var ki, Azərbaycan onun yeni soyutma sisteminə investisiya qoyub? Yadımdadır, Azərbaycan ötən il də BƏƏ-nin təhsil sisteminə 100 milyon dollardan artıq sərmayə qoymuşdu. Ötən il Azərbaycanın qeyri-neft sektoruna gələn bütün investisiya qədər Azərbaycan BƏƏ-yə investisiya qoymuşdu. Hökumət mediası təbliğat aparır ki, Gürcüstana milyardlarla dollar sərmayə qoymuşuq, Türkiyəyə qoyduğumuz sərmayə 20 milyard dolları kecib, İtaliyaya 3 milyard, Pakistana, Rumıniyaya da filan qədər sərmayə qoymuşuq. Axı Azərbaycanın özünə sərmayə lazımdır!
Azərbaycan o gündədir ki, əhalinin 3 milyon nəfəri işsizdir. Yeni iş yerləri, istehsalat sahələri yaratmaq, ixrac yönümlü iqtisadiyyat qurmaq Azərbaycana lazımdır. Sərmayən var, Azərbaycana qoy! Azərbaycan kimi ölkənin hökuməti xaricə sərmayə qoyması ilə deyil, xaricdən sərmayə gətirməsi ilə fəxr etməlidir. Ölkənin olan-qalan pulunu da aparıb xarici ölkələrə qoymaq Azərbaycan xalqının son ümidini də puç etməkdir. Əslində görünən odur ki, bu “xarici sərmayə” əməliyyatları da korrupsiyanın davamıdır. Ölkənin sərvətlərinin bir hissəsi korrupsiya yolu ilə dağıdılır, digər hissəsi şəxsi və korporativ maraqlarla xaricə sərmayə kimi yönəldilir və o sərmayədən Azərbaycan dövləti, xalqı heç nə qazanmır. Hansısa isti şəxsi münasibətlər, səfərlərin təşkili, təriflərin deyilməsindən ötrü ölkənin milyardları xərclənir.
Mən burda Azərbaycandakı həbslərlə xaricə sərmayə və korrupsiya siyasəti arasındakı əlaqəni görürəm. Mən və digər siyasi məhbuslar ona görə həbs olunmuşuq ki, Azərbaycan hökumətinin belə siyasəti, korrupsiyası ciddi surətdə tənqid, ifşa edilib xalqa çatdırılmasın, bunlar da xalqın əleyhinə olan bu siyasəti ona böyük bir mükafat kimi sırıya bilsinlər.
azadlıq qəzeti



















