“Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, biabırçı və qorxaqlıqdır”.

Norveç Helsinki Komitəsinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı bəyanatında belə deyilir.

Bildirilir ki, həbs edilən qadın jurnalistlərin çalışdığı “AbzasMedia”, “ToplumTV” və “MeydanTV” 2023-cü ildən hökumətin repressiyaları ilə üzləşiblər.

“Həbsdə olan bəzi qadın jurnalistlərin səhhətlərində ciddi problemlər var və təcili tibbi yardıma ehtiyac duyurlar. İstintaq təcridxanasında saxlanılarkən onların həyatı həm təhlükəli şərait, həm də adekvat tibbi xidmətə çatımlılığın çətinliyi səbəbilə risk altındadır”, – bəyanatda bildirilir.

Sənədin sonundavurğulanır ki, “qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılmasının ironiyası sözlə əməlin ziddiyyətindədir”.

Təşkilat qeyd edir ki, qadınlara dəyər verdiyini iddia edən bir ölkənin 8 tənqidçi qadını həbs etməsi sözlərlə əməllər arasındakı ziddiyyəti açıq şəkildə ortaya qoyur.

Norveç Helsinki Komitəsi 8 Martın Azərbaycan üçün öz sözlərini əməlləri ilə uyğunlaşdırmağa bir fürsət olduğunu vurğulayır.

Azərbaycanda 2023-cü ilin sonlarından etibarən başladılan cinayət təqibləri nəticəsində 30-a yaxın jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının Azərbaycandakı tam heyəti qaçaqmalçılıq ittihamı ilə həbs edilib, redaksiyaları qapadılıb. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350-dən çox siyasi məhbus var.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.

Norveç Helsinki komitəsi