
Suriyada bir qətliam baş verir və yayılan görüntülər izləyənləri sarsıtmaqdadır. İsrailin müdafiə naziri İsrail Katz Bəyan edib ki, Əbu Məhəmməd əl-Colani (Suriyanın “prezidenti” Əhmət əl-Şara) libasını dəyişsə də, Əl-Qaidə yetirməsi olan cihadçı terrorçu olaraq qalır. ABŞ mətbuatı Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın Suriyada hakimiyyəti terrorçuların ələ keçirdiyini, bu terrorçuların ələviləri və xristian icmasının üzvlərini qətlə yetirəcəyi ilə bağlı peyğəmbərcəsinə xəbərdarlığının gerçəkləşdiyini yazır.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupunun (SOHR) məlumatına görə, Şara hökumətinə bağlı qüvvələr mindən artıq dinc sakini öldürüb. İsrail mənbələri öldürənlərin sayının 15 000-20 000 arasında olduğunu bildrirlər. SOHR-in məlumatına görə, öldürülənlərin ən azı 20 faizi qadın və uşaqlardır. Məsələn, Baniyasda öldürülən 60 nəfərin 10-u qadın, 5-i uşaqdır. Əsəd rejiminə qarşı barışmaz müxalifliyi ilə tanınan SOHR-i keçmiş hakimiyyətin qalığı adlandırmaq mümkün deyil.
Baş verən qətliam əslində gözlənilən idi. HTŞ-nin törətdiyi qətliamların səbəbi Türkiyənin xarici işlər nazirinə istinad edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Hakan Fidan nədən sərt formada İrana xəbərdarlıq etdi ?” başlıqlı şərhində yazdığı kimi “İran rejimi vaxtı ilə mövcud olmuş əlaqələrdən istifadə edərək, daxildəki şiə qruplarını vaxtaşırı olaraq Əhməd əl-Şaranın rəhbərlik etdiyi HTŞ hakimiyyətinə qarşı silahlı etirazlara təşviq etməsi” deyil.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, təkfirçi cəryanlar fərqli dini və dünya görüşləri olan insanlarla dinc yanaşı yaşaya bilmirlər. Yüz il, min il keçsə də bu münasibət dəyişməyəcək. , Təkfirçi cəryanın ideoloji əsaslarının ibn Teymiyyə tərəfindən yaradılmasından 700 il keçir, bəşəriyyət kosmosu fəth edib, amma təkfirçi cihatçı cəryanların baxışları dəyişmir. Əksinə, dünyəvilik və sekulyarizm daha geniş çoğrafiyaya yayıldıqça təkfirçi cəryanlar daha da radikallaşırlar.
Təkfirçi ideologiya üzərində qurulan HTŞ-nin fərqli dini və dünya görüşü olan insan qrupları ilə dinc yanaşı yaşaması mümkün deyil. Yanğın üçün münbit şərait olduqda küləyin gətirdiyi təsadüfi qığılçım yanğın doğurduğu kimi, insan qrupları da dinc yanaşı yaşa bilməyəndə, istənilən bəhanə qətliamlara səbəb olur.
Fuad Qəhrəmanlı şərhinin sonunda yazır ki, “Əgər iki ölkə arasında gərginlik artmaqda davam edərsə, Türkiyə də cavab olaraq Hakan Fidanın dediyi kimi İran daxilindəki narazı qrupları dəstəkləməyə qərar verəcək. Artıq Türkiyə mediasında bunun əlamətləri görünür və bur zamanlar görməzdən gəlinən Güney Azərbaycan məsələsi sıx-sıx gündəmə gətirilir”.
Fuad bəyin diqqətinə çatdırmaq istərdim ki, İranda Azərbaycan türkləri qrup deyil. Nüfuzlu elmi araşdırmalar sübut edir ki, Azərbaycan türkləri İranda ən çox saylı etnosdur. İranın mövcud siyasi və hərbi elitasının etnik tərkibi də bunu sübut edir. “Güney Azərbaycanda milli oyanış və azadlıqlarının dəstəklənməsində iki ölkənin istər açıq, istərsə də xüsusi xidmət orqanları səviyyədə işbirliyinin zəruri edir” fikiri də Güney Azərbaycanın öz müqəddəratını təyin etmək üçün apardığı mübarizəni aşağılamaqdan başqa bir şey deyil. Seyid Əli Xamenei və Məsud Pezeşkian kimi liderlər doğurmiş xalq zamanı gəldiyində öz müqəddəratını təyin etmək uğrunda mübarizənin liderini də doğuracaq. Həyatın və cəmiyyətin bütün sahələrində olduğu kimi burada da tələb-təklif qanunu keçərlidir.
Türkiyə dövlətinin ən önəmli dövlət institutlarının önündə yer alan Milli İstihbarat Təşkilatına (MİT) 13 il rəhbərlik etmiş, indi isə xarici işlər naziri olan Hakan Fidanın buraxdığı kobud səhvlərin nəticəsidir ki, bu gün Türkiyə HTŞ-nin törətdiyi qətliamının təşviqedicisi olmaqda ittiham olunur. Suriyada yaşanan qətliama görə HTŞ-dən sonra ən çox ittiham olunan tərəf Türkiyədir. Bunda isə 2010-cu ildən 2023-cü ilə qədər 13 il ərzində MİT-ə rəhbərlik etmiş, 2023-cü ildən isə xarici işlər naziri olan Hakan Fidanın böyük məsuliyyəti var.
HTŞ-nin qətliamlarının daha geniş miyas alması və böyük çoğrafiyaya yayılmaq təhlükəsi var. Bundan isə ən çox Türkiyə zərər görəcək. HTŞ-i isə fərqli dini və dünya görüşü olan insanlarla dinc yanaşı yaşaya bilməyən ideologiyanın məhsulu olduğu üçün belə qətliamların sayı və miqyası da artacaq. HTŞ-nin törətdiyi qətliamdan sonra Suriyanın unitar dövlət olaraq qala biləcəyi ilə bağlı kiçik ehtimal da ortadan qalxdı.
Azərbaycanı bu yanğından qorumağın tək yolu Yaxın Şərq bataqlığından uzaq durmaq, Mirzə Fətəli Axundzadənin müəyyənləşdirdiyi yoldan getməkdir. Güney Azərbaycanın istiqlaliyyətinin açarı da Mirzə Fətəlinin formalaşdırdığı etno-mədəni kimlik kodunun içərisindədir. Bu kod isə Hakan Fidan(lara)a çox yaddır.
Xəqani Cəfərli politoloq