
Onlara qarşı irəli sürülmüş ittihamda cinayətdən başqa hər şey var
“Bu gün abzasçıların növbəti məhkəməsi idi. Məhkəməyə xeyli adam gəlmişdi. Proses hələ başlamadan öncə Ağır Cinayətlər Məhkəməsinin qarşısında jurnalist Fərqanə xanımla söhbətləşirdik. Soruşdum qızlar necədir? Dedi hansı qızlar? Dedim bizim qızlar! Dedi oğul kimi dayanıblar.
Məhkəmə 14:05-ə təəyin edilsə də, bir qədər gec başladı. Zala keçdik. Hamı ilə salamlaşdıq. Abzasçılar oğlanlı qızılı hamısı yaxşı idi və Fərqanə demiş hamısı oğul kimi dayanıblar.
Bu günkü prosesdə vəkillər çıxış edirdi. Elçin Sadıqov, Zibeydə xanım, Rövşanə xanım Rəhimova, Fəxrəddin Mehdiyev, Günay İsmayılova, Bəhruz Bauramov və digərləri ittihamın daşını-daş üstə qoymadılar. Azərbaycanın bəzi dağlıq rayonlarında yelbə adlı bir quş olur. Sürətlə uçduqları üçün hvadan sallanıb qalmaqdan xoşlayırlar. Abzasçıların 27 cilddən ibarət istintaq işi və onlara qarşı irəli sürülən (əslində söz yığını) bu yelbə quşu kimi qalıb havadan asılı vəziyyətdə.
Söz yığını demişkən Nərgiz Absalamovaya qarşı irəli sürülən ittihamda yalnır bir cümlə 9 səhifədir. Öz uzunluğuna görə Ginnesin rekordlar kitabına düşə biləcək cümlədir. Hətta Stalin repressiyaların baş ittihamçısı Andrey Yanuaroviç Vışinski belə həsəd apara bilər buna. Buxarin, Zinovyev və digər sağ antisovet trotskiçi blokun işində dövlət ittihamçısı Vışinski idi. O, Buxarini 1918-ci ildə Leninə qəsd etməkdə ittiham edəndə, hətta Stalin dedi ki, Andrey Yanuaroviç bu çox ağ oldu. İndi bizim müstəntiqlər Abzasçıların işini əməlli-başlı ağ ediblər.
Onlara qarşı irəli sürülmüş ittihamda cinayətdən başqa hər şey var. Abzasçıları qaçaqmalçılıq ittihamı ilə tutublar. Mövcud qanunlara görə bu ittiham Dövlət Gömrük Komitəsinin səlahiyyətinə aidir. Abzasçılar, Toplumçular, Meydançıların “Qaçaqmalçılığından” başqa bütün qaçaqmalçılığa Gömrük Komitəsi baxır.
Əslində qaçaqmalçılıq milyardlara vəsaiti əyri-qanunsuz yolla xaricə çıxarıb ofşor hesablara yatırmaq, Londonu məhəllər-məhəllə almaqdır. Azərbaycanda qaçaqmalçılığın bu növü model kimi götürülə bilər.
Abzasçıları 8-9 ay qaçaqmalçılıq ittihamı ilə istintaq ediblər. Görüblər nəsə çatmır. Sonra götürüb bulara daha beş ittiham veriblər. Hamısı da mütəşəkkil. Mütəşəkkiliyin açması Ali Məhkəmənin 1999-cu il Plenumunda müəyyən edilib. Amma Abzasçıların “mütəşəkkiliyi” həmin çərçivəyə sığmır. Məsələn mütəşəkkil (cinayətkar) dəstə kimi xaricdən pul gətiriblər. İttihamda qeyd edilirdi ki, həmin dəstənin üzvü kimi Elnarə Qasımova dəfələrlə xaricdən pul gətirib bölüşüblər. Sonra məlum oldu ki, Elnarə xanım cəmi bir dəfə Gürcüstanda istirahətdə olub. Həmin hissəni dəyişib etdilər ölkə daxilində xaricdən gətirilən pulların bölüşməsində iştirak edib.
Gərək “mütəşəkkil” olmaq üçün nəyisə bölüşəsən. Amma bunu təsdiq edən heç bir sənəd ortaya qoyulmur. Adamların adından saxta qəbzlər düzəldib saxta imzalar çəkiblər. Sübut kimi təqdim edilən bu “sənədlərin” əsli isə yoxdur.
Yeri gəlmişkən Elnarə Qasımovanı Abzasdan işlədiyi dövrdən əvvəlki fəaliyyətini də Abzasa əlavə ediblər. Əgər bu adamlar xaricdən qanunun icazə verdiyi məbləğdən artıq pul gətiriblərsə, bəs Gömrük orqanları hara baxıb? Bu haqda nəsə deyilmir. Bu pullar kimlərdən alınıb, kimlərə verilib, bu haqda da bir sübut yoxdur. Bütün sübutlar Məhəmməd Kekalovun kompyuterindən çıxan sənədlər və təzyiq altında verdiyi ifadələrə əsaslanır.
Hər bir abzasçı həbs edildikcə ondan ayrı-ayrı ifadələr alıblar, bəzi ifadələri isə düzəlişlərlə təkrar alıblar. Məhəmməd bəy isə məhkəmədə dedi ki, onun məhkəmədə verdiyi ifadələr əsas kimi qəbul edilsin. Yəni təzyiq altında verdiyi ifadələrdən imtina etdi.
Deməli Məhəmməd Kekalovun kompyuterindən bir sıra qrant layihələri çıxıb. Yəni heç yerə təqdim edilməyən və alınmayan qrantların ancaq qaralama layihələri. Qarama layihədə göstərilən məbləğləri toplayıb vergidən yayınma ittihamına çeviriblər. Bax havadan asılı qalan yelbə istintaqı deyəndən bunu nəzərdə tuturam.
Sahibkarlıq fəliyyəti ilə bağlı ittiham irəli sürüblər abzasçılara qarşı.
Sahibkarlıq haqqında qanun heç bir bəndi onlara aid deyil. Çünki onlar qrant əsasında fəaliyyət göstəriblər, maarifçilik fəaliyyəti ilə, jurnalist fəaliyyəti ilə məşğul olublar. Bunun sahibkarlıqla heç bir əlaqəsi yoxdur. Başdan-ayağa böhtandır. Bu adamlara tamah məqsədi ilə qaçaqmalıçılıq və qanunsuz sahibkarlıq ittihamı verilir. Amma bu tamahın nədən ibarət olduğunun sübutu yoxdur. Abzasçılar istisnasız olaraq hamısı kirayədə yaşayan jurnalistlərdir.
Çox sadalamaq olar. Bəs əsas səbəb nədir? Absaz Media hakim ailə və hakim “elita” haqqında 30-dan çox korrupsiya araşdırması aparıb. Yelbə kimi havadan aşlı qalan, bir cümləsi 9 səhifədən ibarət olan saxta ittihamın əsl səbəbi də budur. Onlar hansısa cinayət törətməyiblər, onları jurnalist fəaliyyətinə görə mühakimə edirlər”.
Cəmil Həsənli
Milli Şuranın sədri.