
Naxçıvanda yeni qadağa
Naxçıvandan ərik ixracına qoyulan qadağa təsərrüfatçıların min bir əziyyətli yetişdirdiyi məhsulu xarab olma təhlükəsi ilə üz-üzə qoyub. Söhbət təkcə 100 tonlarla əriyin yox, həm də bu əriyin qazancına ümid bəsləyib, arzular quran yüzlərlə ailənin taleyindən gedir.
Yerli hakimiyyətin göstərişinə əsasən, bu məhsulu nə təyyarə ilə, nə də quru yolla muxtar respublikadan çıxarmaq olar. Naxçıvanda az qala hər həyətdə ərik yetişdiyi üçün, bu qədər məhsula yerli bazarlarda da müştəri tapmaq mümkün deyil.
Ordubadlı təsərrüfatçı Ramin Qasımov “Gündəlik Naxçıvan”a deyir ki, məmurlar bu vəziyyəti qəsdən yaradıblar:
“Bizi məcbur edirlər ki, ucuz qiymətə onların nəzarətində olan tacirlərə sataq. Sonra da Bakıya aparıb, baha qiymətə satsınlar. Hazırda 5 tona yaxın əriyim qalıb əlimdə. Naxçıvanda alıcı qüvvəsi yoxdur. İşsizlik əhalinin yarıdan çoxunu Naxçıvanı tərk etməyə vadar edib. Şəhərdə yaşayanların da kəndlərdə qohum-qardaşı var, ehiyaclarını təmin edə bilirlər. Yalnız əlac qalır məhsulu Bakıya və Azərbaycanın başqa böyük şəhərlərinə çıxarmaq. Ona da imkan verilmir. Hava limanında və İran üzərindən Bakıya gedən sərnişinlərə 10-15 kilodan artıq aparmalarına icazə verilmir. Gömrük qəti şəkildə buraxmır. Yalnız öz adamları tonlarla apara bilirlər. Ailəmizin illik ruzisi, ehtiyaclaı ödəmək üçün gözümüzün tikəcəyi budur. Buna da imkan verilmir. Nə edəcəyimizi bilmirik. Əziyyətini fermerlər çəksə də, xeyirini səlahiyyətli nümayəndənin, baş nazirin adamları görür.”
Babək rayon sakini Nurəddin Mahmudov da 20 tona yaxın məhsulunun əlində qaldığını bildirir:
“Ərik mövsümü başlayıb. Yolda əzilməsin deyə tam yetişməmiş yığılmalıdır. Tam yetişdikdən sonra, daşınması mümkün olmayacaq. Təxminən bağımda 15-20 ton əriyim var. Naxçıvan bazarında gündə 30-40-kilodan artıq satmaq olmur. Onu da Bakıya gedən qonaqlar 5-10 kilo alıb yemək üçün aparırlar. Məmurların monopoliyası bizi işləməyə, qazanmağa qoymur. Deyirlər Naxçıvandan ərik çıxarmaq olmaz. Soruşursan ki, niyə olmaz? Cavabını demirlər. Heç bir qərar göstərmirlər. Deyirlər ki, gedin hara istəyirsiniz şikayət edin.”
Gündəlik Naxçıvan.