Fransa mətbuatı:”Əli Kərimli Azərbaycanda illərlə rejimə qarşı müqavimətin simvolu olub”

Fransanın məşhur RFİ saytı AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı geniş material dərc edib.

“Əliyev repressiyalara başlamaq üçün uyğun anı gözləyirdi.

Azərbaycan Xalq Cəbhəsi lideri Əli Kərimlinin həbsi arxasında nə dayanır»

1 dekabrda Azərbaycanda ən köhnə müxalifət partiyalarından biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli həbs edildi. Siyasətçi hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunur, ona 12 ildən ömürlük həbsədək cəza verilə bilər. Onunla birlikdə partiya rəhbərliyinin üzvü Məmməd İbrahimli də həbs olundu. Hüquq müdafiəçiləri yeni repressiya dalğasını Aİ ilə Bakı arasındakı münasibətlərdəki dəyişikliklərlə əlaqələndirirlər. Ekspertlərə görə, Brüssel iqtisadi təhlükəsizlik naminə dəyər yönümlü yanaşmadan imtina edib. RFI müxbiri hüquq müdafiəçisi, “Azərbaycanda repressiyalara son” kampaniyasının Koordinasiya Şurasının üzvü Səməd Rəhimli ilə Əli Kərimlinin işi və Azərbaycandakı repressiyalarla Aİ-nin enerji təhlükəsizliyi arasındakı əlaqələr barədə danışıb.

RFI: Bir neçə ay əvvəl RFI-yə müsahibəsində Əli Kərimli deyirdi ki, illərdir hər gün həbs oluna biləcəyini anlayaraq yaşayır. Bəs nə üçün məhz indi həbs edildi?

Səməd Rəhimli: İkinci Qarabağ müharibəsindən sonra Əliyev Azərbaycanda repressiyalara başlamaq üçün uyğun anı gözləyirdi. O, beynəlxalq arenadakı vəziyyətin onun üçün əlverişli olmasını gözləyirdi. Hazırda isə elə məhz belə bir an yaşanır: beynəlxalq təşkilatlar və əsas Qərb ölkələri Azərbaycana dair iki məsələyə diqqət yönəldiblər.

Birincisi, onlar Cənubi Qafqazda – xüsusən də Azərbaycanla Ermənistan arasında – yeni müharibənin və ya geosiyasi gərginliyin qarşısını almağa çalışırlar. Buna görə də Azərbaycandakı insan haqları vəziyyətinə ya göz yumurlar, ya da onun əhəmiyyətini kiçildirlər. Halbuki bu məsələ illərlə prioritet idi.

İkincisi, hazırda Azərbaycan qaz sazişi ilə bağlı üstünlüyə malikdir. Azərbaycan bütövlükdə Aİ bazarına böyük həcmdə qaz vermir, amma Serbiya, Macarıstan, İtaliya, Bolqarıstan kimi bir neçə ölkə üçün Azərbaycan qazı çox önəmlidir. Onlar insan haqları ilə bağlı problemi kiçildir və Avropa Komissiyası da “realpolitik” ruhunda bu xətti davam etdirir.

Əliyev əslində bütün müxalifəti, vətəndaş cəmiyyətini və müstəqil medianı hələ 2014-cü ildə – Ukrayna münaqişəsi başlayanda və Maidan hərəkatı uğurlu olanda – tamamilə məhv etmək istəyirdi. O vaxt tənqidi ictimai fəzanı tam bağlamaq istəyirdi, amma bacarmadı, çünki 2014–2015-ci illərdə neft gəlirləri azaldı, manat devalvasiyaya uğradı. Buna görə prosesi tam başa çatdıra bilmədi. Sonralar hətta müəyyən yumşalma oldu, təzyiq zəiflədi və biz fəaliyyətimizi davam etdirə bilirdik.

Amma 2022-ci ilin sonundan etibarən Əliyev təzyiqi yenidən artırdı: əvvəlcə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı. İndi isə sırada hələ də aktiv olan müxalifət partiyaları var. Tramp administrasiyası və Trampın özü ilə görüşdən sonra Əliyev hesab edir ki, onun mövqeyi güclənib, heç kim buna reaksiya verməyəcək – hətta Aİ də. Məhz buna görə o, repressiyaları gücləndirdi. Və ənənəvi müxalif qruplar içində yalnız Əli Kərimli mövqelərini qoruyub, buna görə yenidən hədəfə çevrilib.

Proqramda göstərilən silah məsələsi (qiyam zamanı istifadə olunmalı idi — RFI) — tamamilə spekulyasiyadır. Cinayətin qiyam hazırlığı kimi şərhi son dərəcə geniş və cinayət hüququ prinsiplərinə ziddir.

Rusiyadan qeyri-qanuni maliyyələşmə məsələsinə gəlincə, iddia edilən məlumatın bir hissəsini hüquq müdafiəçiləri saxta hesab edir. Digər hissə isə realdır, amma bunlar Rusiyada yaşayan azərbaycanlı kiçik biznes sahiblərinin könüllü ianələridir. Bildiyiniz kimi, Rusiyada böyük Azərbaycan diasporu var və onun bəzi üzvləri AXCP-ni dəstəkləyir, ianələr edir. Burada qanunsuz heç nə yoxdur.

Lakin istintaq iddia edir ki, bütün bu faktlar bir-biri ilə əlaqəlidir və hamısı guya Kərimlinin evindən tapılan həmin məktuba gəlir.

Bizdə AXCP aktivistlərinin – hazırda inzibati həbsdə olanların – həm özlərini, həm də Əli Kərimlini ittiham etməyə məcbur edildikləri barədə etibarlı məlumat var.

Kərimli ilə Mehtiyev arasındakı ehtimal edilən əlaqə barədə — həbslərdən əvvəl bununla bağlı hansısa məlumat var idimi?

Azərbaycanda, digər postsovet ölkələrində olduğu kimi, siyasi rəqiblər tez-tez bir-birini hakimiyyətə işləməkdə ittiham edirlər. Bəziləri deyir: “siz Paşayevlərə və Əliyevlərə işləyirsiniz”. Digərləri cavab verir: “siz Mehtiyev klanına işləyirsiniz”. Bu cür spekulyasiyalar olurdu — bu, siyasi rəqabət formasıdır. Azərbaycan hökuməti də bu cür şayiələri yayması üçün provakativ nəşrləri həvəsləndirirdi ki, Əli Kərimlini ictimaiyyətin gözündə ləkələsin.

Amma bütün bu şayiələrin əsası yoxdur. 2005-ci ildən bəri Kərimlinin Mehtiyevlə hansısa əlaqəsi olması mümkün deyil. Mehtiyev illərlə Azərbaycandakı siyasi repressiyalara nəzarət edib, Kərimli isə bu repressiyaların ən məşhur qurbanlarından biri olub. Bu səbəbdən belə bir əlaqə mümkün deyil.

Hazırkı təcrübəyə baxanda, Əli Kərimli nə qədər həbsdə qala bilər? Müdafiənin qərarı dəyişdirmək imkanı varmı?

Müdafiə artıq qərardan şikayət verib. Amma Azərbaycanın milli səviyyədə məhkəmə sistemi praktiki baxımdan mənasız və qeyri-effektivdir. Biz vəkillərlə birlikdə işi Avropa İnsan Haqları Məhkəməsinə çıxarmağa çalışacağıq, lakin bu zaman tələb edir.

2013-cü ildə başqa siyasi lider — İlqar Məmmədov həbs olunanda o, təxminən 5 il 5 ay həbsdə qaldı. Azərbaycanda siyasi məhbuslar adətən 3–5 il həbsdə qalırlar. Amma hazırkı repressiyalar fərqlidir. Siyasi məhbusların azad olunması üçün bizə Aİ-nin daha böyük təzyiqi lazımdır. Buna görə biz Aİ-Azərbaycan münasibətləri barədə hesabat hazırlamışıq. Hesab edirik ki, Aİ-nin Azərbaycana təsir etmək üçün rıçaqları var, amma xüsusən 2022-ci ildən sonra Aİ dəyərləri qaza dəyişir.

Elə bunu soruşmaq istəyirdim: Aİ-də bu təzyiqi göstərmək üçün siyasi iradə varmı?

Əslində Avropa Parlamenti artıq bunu edir. Problem ondadır ki, Avropa Komissiyası Avropa Parlamentini izləmək istəmir. Avropa Parlamenti ötən il xüsusilə Azərbaycanla bağlı çox yaxşı işlər gördü. Amma Parlament prinsipial mövqedən çıxış etdiyi halda, Aİ-nin icraedici orqanı olan Komissiya “realpolitik”, yəni tranzaksion yanaşma ilə hərəkət edir.

Aİ Şurasında da problemlər var: bu, siyasəti dəyişə biləcək ən yüksək qanunverici orqandır. Amma qərarlar konsensus tələb edir və Aİ-nin bəzi pro-Azərbaycan dövlətləri konsensusa mane olur.

Azərbaycanda müxalifət hansı vəziyyətdədir? Əli Kərimli illərlə rejimə qarşı müqavimətin simvolu olub — indi ölkədə onu əvəz edə biləcək fiqurlar varmı?

“Müsavat” — başqa köhnə müxalif partiya — yəqin ki, hücuma məruz qalmayacaq. Amma problem ondadır ki, onlar mövqelərini dəyişməsələr də, fəaliyyətlərini minimuma endiriblər.

Yeni müxalif qüvvələrdən: mənim üzvü olduğum ResPlatforma hərəkatının lideri Akif Qurbanov həbsdədir. Digər siyasətçi — Azər Qasımlı da ötən il həbs olunub. Beləliklə hazırda dörd siyasi lider — Əli Kərimli, Akif Qurbanov, Azər Qasımlı və Milli Şuranın üzvü Tofiq Yaqublu — həbsdədir.

Digər müxalif liderlər və hərəkatlar, məsələn REAL, mövqelərini dəyişiblər: “Əliyev müharibəni qazandı, biz ona hörmət edirik, konstruktiv müxalifətik və hökumətlə dialoqdayıq”.

Kərimlinin işi Azərbaycanda necə qəbul olunur? Bu tək dəfəlik qorxutma addımıdır, yoxsa repressiyaların davamını gözləyirsiniz?

Repressiyaların davam edəcəyini gözləyirəm. Azərbaycan maliyyə böhranına doğru gedir, hökumət iqtisadi vəziyyəti yaxşılaşdıra bilmir, Aİ-dən daha çox investisiya istəyir. Amma ölkədə sistemli korrupsiya var, sistemi dəyişə bilmirlər, çünki bütün sistem çürüyüb. Əsaslı islahatlar edə bilmirlər, yalnız formal islahatlar həyata keçirirlər — vaxtilə Rusiyada olduğu kimi. Bütün bunlara görə ölkəni daha çox bağlayırlar — onlara təhlükə yarada biləcək istənilən tənqidi və ya aktivliyi boğurlar. Avtoritar hakimiyyət baxımından onların etdikləri öz siyasi maraqlarını və sistemlərini qorumaq üçün “zəruri” görünür. Amma hakim elitanın maraqlarına xidmət edən bu addımlar milli maraqlara ziddir.

azadlıq qəzeti