15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatında “Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Qurtuluşdan Zəfərə” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlanır, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Çıxış edən partiya veteranı Tahir Hacıyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət göz önünə gəlir.
Çıxış edən partiya fəalı Tahir Məsimov bildirib ki, Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, ulu öndər Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb.
Gənc partiya fəalı Lamiyə Talverdiyeva çıxış edərək bildirib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 32 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Sonda bir qrup partiya fəalına Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

YAP QƏBƏLƏ RAYON TƏŞKİLATI