Balakən Dövlət Peşə Təhsili Mərkəzi Publik Hüquqi Şəxsində “Açıq qapı” günü təşkil olunub

İyunun 11-də Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-də “Açıq qapı” günü keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, valideynlər, ictimaiyyət nümayəndələri , rayonda fəaliyyət göstərən müəssisələrin təmsilçiləri iştirak ediblər.
İştirakçıları əvvəlcə ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərlə tanış olublar.
Sonra tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Azad Dibirov çıxış edərək, təhsil ocağının fəaliyyət istiqamətləri və əldə olunan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ yeni yaradılmış təhsil müəssisəsidir. Mərkəzin fəaliyyəti Balakən şəhərində yerləşən 1 nömrəli və 2 nömrəli Peşə Məktəblərinin bazasında təşkil olunmuşdur. Diqqətə çatdırılıb ki, Mərkəzin əsas məqsədi rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir. Təhsil müəssisəsində əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir.
Məlumat verilib ki, Mərkəzdə kompüter sistem inzibatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, aşpaz, dərzi, dayə, aqroservis mütəxəssisi, tərəvəz (dual) və digər ixtisaslar, ümumilikdə, 6 istiqamət üzrə 21 qrupda 350 tələbə təhsil alır, onlardan 264 nəfəri bu il məzun olacaqdır. Gələcəkdə Mərkəzdə 3 illik təhsil müddətinə malik qrupların yaradılması və yüksək texniki peşə təhsili pilləsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, dual təhsil proqramının əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova çıxışında ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından, peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti və peşə təhsilinin perspektivlərindən söz açıb, kollektivə uğurlar arzulayıb.
Tədbir bədii proqramla davam edib.
Qeyd edək ki, “Açıq qapı” gününün təşkil olunmasında əsas məqsəd Balakən Dövlət Peşə Təhsili Mərkəzinin fəaliyyət istiqamətləri, təhsil imkanları, maddi-texniki baza, ixtisaslar və tələbələrin qazandığı bilik və bacarıqları geniş ictimaiyyətə təqdim etmək, eyni zamanda açıq və şəffaf ünsiyyət mühitində fikir mübadiləsi aparmaq, eləcə də gənclərdə peşə təhsilinə marağı artırmaqdır.

Balakən Rayon İcra Hakimiyyəti