Əgər İlham Əliyev doğrudan da xalqın 92 faiz səsi ilə prezident seçilibsə, əgər o, doğrudan da “güclü siyasətçi”, “müzəffər Ali Baş Komandan”, “dəmir yumruq”dursa, bəs onda:

1️⃣. Niyə AXCP sədri Əli Kərimliyə xarici pasport verilməsinə icazə verilmir?

2️⃣ Niyə Əli Kərimlinin interneti kəsdirilir, telefonu axşamlar söndürülüb, səhər açdırılır?

3️⃣. Niyə ölkənin ən böyük müxalifət partiyası olan AXCP-nin bir qərargahı əlindən alınıb, digəri qaynaq edilib, kirayə götürdükləri ofis isə partladılıb?

4️⃣. Niyə AXCP-nin Qurultayı bir nəfərin şikayəti bəhanə edilərək ləğv edilib və növbəti Qurultay keçirmək üçün şərait yaradılmır?

5️⃣. Niyə ölkədə bütün seçkilər saxtalaşdırılır? Özünü “müzəffər”, “dəmir yumruq” adlandıran İlham Əliyev “mövcud deyil” dediyi müxalifətlə açıq, şəffaf rəqabətdən niyə qorxur? (Axı müharibəni uduzmuş, məğlub Paşinyan belə şəffaf seçki keçirdi və xalqın səsi ilə qalib gəldi.)

6️⃣. Niyə ölkədə 392 siyasi məhbus var?

7️⃣. Niyə Konstitusiyanın maddələri açıq şəkildə pozulur, sərbəst toplaşma azadlığı qeyri-qanuni olaraq ləğv edilib? (Hətta müqəddəs yerləri ziyarət etmək istəyən vətəndaşlara belə maneə yaradılır, oraları belə nəzarətə götürmək istəyirlər. 14 sentyabrda AXCP-nin Türk Şəhidləri abidəsini ziyarətinə mane olunması və hakimiyyətin sözçülərindən biri – təyin olunmuş deputat Zahid Orucun bu barədəki açıqlamaları buna dəlalət edir.)

8️⃣. Niyə ölkədə azad mətbuat, müstəqil televiziya, açıq debat meydanı yoxdur? Əgər xalq səni dəstəkləyirsə, niyə bircə canlı debatdan belə qaçırsan?

9️⃣. Niyə dövlətin bütün resursları – polis, məhkəmə, media, icra orqanları – bir nəfərin hakimiyyətini qorumaq üçün səfərbər olunub, amma xalqın rifahı, azadlığı və gələcəyi bu qədər unudulub?

Belə “niyə”ləri istəsək, saysız-hesabsız sadalaya bilərik.
Əgər doğrudan da güclüsənsə, əgər doğrudan da xalqın seçdiyi prezidentsənsə, o zaman qorxma – azad seçki keçir, azad mətbuata icazə ver, müxalifətə meydan ver.

Güclü olan rəqabətdən yox, haqsızlıqdan qorxar.

Yazı Məmməd İbrahimin facebook səhifəsinə istinadən dərc olunub