Dostlar, Praqada keçirilən “Forum-2000” demokratiya konfransına göndərdiyim və konfrans iştirakçılarına təqdim olunmuş müraciətimi sizə təqdim edirəm:
Hörmətli xanımlar və cənablar, Forum 2000 iştirakçıları! Mən sizə Azərbaycandan müraciət edirəm. Mən Azərbaycanın ən böyük müxalifət partiyası olan AXCP-nin sədriyəm. Azərbaycan hakimiyyəti artıq 20 ildir ki, mənim xarici səfərlərimə qadağa qoyub. Hökumət uydurma bəhanələrlə mənə pasport vermir. Bu səbəbdən də mən sizin foruma canlı qoşula bilmədim və videomüraciət göndərmək qərarına gəldim.
Rəhbərlik etdiyim partiya sərt avtoritar rejimin mövcud olduğu Azərbaycanda demokratik dəyişikliklər, insan hüquq və azadlıqlarının bərqərar edilməsi, hüququn aliliyinin təmin olunması, azad və ədalətli seçkilərin keçirilməsi və ölkəmizin Avropa İttifaqına inteqrasiyası uğrunda ardıcıl mübarizə aparır.
Təəssüf ki, hazırda bizim ölkəmizdə demokratik institutlar ya artıq məhv edilib, ya da çox sərt təzyiq altındadır. Son 32 ildə Azərbaycanı idarə edən Heydər Əliyev və oğlu, hazırkı dövlət başçısı İlham Əliyevin avtoritar hakimiyyəti seçki institutunu ləğv edib və seçkilər tam formal xarakter daşıyır. Ölkəmizdə azad mətbuat da ləğv edilib. Hazırda Azərbaycanda heç bir müstəqil televiziya, radio, qəzet, sayt, informasiya agentliyi qalmayıb. Onlar ya bağlanıb, ya da mühacirətə getməyə məcbur olub. Hazırda Azərbaycanda 30 nəfərə yaxın jurnalist həbsdədir. Ümumiyyətlə, ölkəmizdə hüquq müdafiəçilərinin hesabatına görə, hazırda 392 nəfər siyasi məhbus var. Azərbaycan həm ümumi siyasi məhbusların sayına görə, həm də həbs olunmuş jurnalistlərin sayına görə Avropada Belarusdan sonrakı 2-ci yeri tutur.
Azərbaycan hakimiyyəti 10 illərdir ki, müxalifət siyasətçiləri satın almaqla, qorxudub susdurmaqla, ya da birbaşa həbs etməklə müxalifət partiyalarını zəiflədib sıradan çıxarmağa çalışır.
Lideri olduğum AXCP məhz belə bir çətin şəraitdə mübarizə aparır.
Son illərdə partiyamızın 50 nəfərə yaxın fəalı uydurma cinayət ittihamları ilə həbs olunub. Onlardan 15 nəfəri hələ də həbsdədirlər. Partiyamızın 300 nəfərdən artıq fəalı isə inzibati qaydada 30 sutka müddətində həbs olunublar. Partiya üzvlərimizin əksəriyyəti siyasi mövqelərinə görə işdən çıxarılıb.
Ancaq biz minimal imkanlarla da mübarizəmizi davam etdiririk.
2019-cu ilə qədər ölkəmizdə yalnız bir yerdə – ucqar və qapalı stadionda mitinq imkanı var idi. Biz həmin minimal imkandan istifadə edib, “Siyasi məhbuslara azadlıq!”, “Azad seçki!”, “Korrupsiyaya son!”, “Azərbaycan Aİ ilə asossiyası sazişi imzalasın!” tələblərilə 10-larla mitinq keçirmişdik. 2019-cu ilin 19 yanvarında son kütləvi mitinqimizdə 25 min nəfərə qədər nümayişçi iştirak etmişdi. Mitinqin kütləviliyi hakimiyyəti ciddi şəkildə qorxutmuşdu. Hökumət bizim mitinqdən az sonra 53 nəfər siyasi məhbusu azad etdi. Lakin mitinqlərin keçirilməsini tamamilə qadağan etdi.
Son 6 ildə isə bizim eyni və bənzər tələblərlə mitinq cəhdlərimiz sərt polis zorakılığı ilə dağıdılır. Belə mitinqlərin birində mən özüm də həbs olunub, ağır işgəncələrə məruz qalmışam.
Son illərdə Azərbaycanda repressiyalar daha da sərtləşib və insan hüquqları, demokratik dəyişikliklər uğrunda mübarizə daha da çətinləşib.
Apardığım mübarizəyə görə təkcə şəxsən mənə qarşı tətbiq olunan repressiyalar sizdə təsəvvür yarada bilər ki, ölkədə nə qədər repressiv bir hakimiyyət mövcuddur. Ötən illərdə mənim partiyadakı bütün müavinlərim, müşavirlərim, köməkçim, sürücüm və mühafizəçim saxta, uydurma cinayət ittihamları ilə həbs olunub. Ailəm, yaxın qohumlarım da daimi təzyiq altındadır. Mənə təzyiq etmək üçün hökumət mənim oğlumu, qaynımı və əmim oğlunu da saxta ittihamlarla həbs etdirib. Artıq 20 ildir ki, hökumətin mənim xarici səfərlərimə qadağa qoyduğunu demişdim, onu da əlavə edim ki, 20 ilə yaxındır hökumət partiyamızın ofis icarəyə götürməsinə də imkan vermir. Artıq 5 ildir ki, hökumət mənim evimdə və telefonumda internetdən istifadəyə də qadağa qoyub.
Yaxın müttəfiqim, Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının rəhbərlərindən biri olan Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu onun siyasi motivlərlə 4-cü dəfə həbsidir.
Bundan əlavə, Azərbaycanda vətəndaş cəmiyyəti fəalları və inanclı fəallar da kütləvi qaydada həbs olunur.
Üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, təmsil etdiyim AXCP və bütövlükdə Azərbaycanın demokratik müxalifəti ölkəmizdə demokratik dəyişiklik, insan hüquq və azadlıqları uğrunda mübarizəni davam etdirəcək. Çünki bizim idellarımız var.
Biz Azərbaycanı demokratik, hüquqi dövlət kimi görmək istəyirik. Biz ölkəmizdə azadlıq, ədalət və demokratiyanı bərqərar etməkdə israrlıyıq. Biz Azərbaycanı demokratik dövlətlərin böyük Avropa ailəsinin üzvü kimi görmək istəyirik.
Bizim avropanın ictimai-siyasi xadimlərindən də gözləntimiz var. Biz istəyirik ki, Avropalı ictimai-siyasi xadimlər onlarla eyni dəyərləri bölüşən, eyni demokratik dəyərlər uğrunda mübarizə aparıb həbs edilən həmkarlarının – azərbaycanlı ictimai – siyasi xadimlərin azad olunması, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi üçün səslərini ucaltsınlar.
Hörmətli Forum iştirakçıları, sizi Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda xalqlarımızın apardığı demokratiya uğrunda mübarizəni diqqətdə saxlamağa, Azərbaycanda və Avropanın hər yerində olan siyasi məhbusları unutmamağa çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
P. S. Rejim absurd pasport qadağası ilə Praqa konfransında iştirakıma da imkan vermədi. Dəvət olunduğum Varşava, Afina, Riqa konfranslarına getməyimə də imkan vermədi.
Lakin Praqa konfransının spikeri konfrans iştirakçılarına məlumat verdi ki, Azərbaycan hakimiyyəti ölkənin ən böyük müxalifət partiyasının sədri Əli Kərimlinin ölkədən çıxışına 20 ilə yaxındır qadağa qoyduğundan o, konfransa gələ bilməyib. Onu da izah etdi ki, Əli Kərimli konfransa canlı da qoşula bilmir, çünki hakimiyyət 2020-ci ildən onun internetini də kəsib. Konfrans iştirakçılarına məlumat verildi ki, mənim təmsil etdiyim AXCP Azərbaycanda ən çox həbs və repressiyalara məruz qalan partiyadır. Bütün bu təqdimatlardan sonra mənim konfrans üçün öncədən hazırladığım və sizin artıq tanış olduğunuz çıxışım konfrans iştirakçılarına təqdim olundu.
Rejim artıq dünyadan heç nəyi gizlədə bilmir.
Mənə tətbiq edilən pasport qadağası isə bumeranq effekti ilə özlərini də vurur.



















