2001-ci il idi. Qarabağı və 7 rayonu ərazicə və əhalicə özündən 2-3 dəfə kiçik Ermənistana uduzmuş Azərbaycanı Rusiya və İran küncə sıxmaqla məşğul idi.

Heydər Əliyev səhhətilə bağlı xəstəxanalara, həkimlərə üz tuturdu, Elçibəy 1 il əvvəl vəfat etmişdi. Müxalifət klassik və islahatçı qanadlara bölünmüşdü.

Azərbaycanı Qarabağdan imtinaya məcbur etmək istəyirdilər. Ən böyük təhdid isə İrandan idi. İran hərbi gəmiləri dəniz sərhədində hazır dayanmışdılar. İran təyyarələri Azərbaycanın hava sərhədini tez-tez pozur, Bakını bombalamaqla təhdid edirdilər. Və bir gün günorta zamanı Bakının üzərində qırıcılar uçmağa başladı. İnsanlar çaşqın halda evlərdən, ofislərdən çölə çıxdılar.

Başımızın üzərindən F-16-lar uçurdu. Türkiyə yardıma gəlmişdi. Bakıda əhali küçəyə tökülmüşdü. F-16-lar bir aya yaxın Azərbaycanda qaldılar. İran təyyarə və gəmilərini yığışdırıb geri çəkildi. Təbii ki, Türkiyəyə F-16-ları göndərməyə həm də NATO icazə vermişdi. O jest olmasa idi, bəlkə də İran Bakını həqiqətən bombalayacaqdı.

Müharibə, qaçqınlıq görmüş bir şəxs kimi savaşların əleyhinəyəm. Amma bəzən tarixi unutmuşlara xatırlatmaqda fayda var.

Fikrət Hüseynli.