ABŞ Dövlət Departamenti özünün 2024-cü il üzrə dünyada insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatını yaydı. Insan hüquqlarına münasibət baxımından hesabatda ən acınacaqlı vəziyyətdə Azərbaycan olduğu görəsinir. Hakimiyyət şəninə əfsanələr söylədiyi Tramp hakimiyyətinin, dünyanın bir nömrəsli dövlətinin Əliyev rejimini belə rüsvay edəcəyini gözləmirdi. İndi Trampın, Amerikanımn şəninə bu qədər tərflərdən, qanadlı ifadələrdən sonra Əliyev necə desin ki, bu bizim üçün kağız parçasıdır.
Son həftə ərzində baş verənlər, Əliyevin Ağ evi “fəth etməsinin” sevincini yaşayan zəhmətkeş məktublarının mürəkkəbi qurumamış, Tramp yolu yolçularının eyforiyası səngiməmiş, bir “xalq” şairinin qələmi gicgahına dirəyib “Tramp dastanı” yazmağa yenicə qafiyə axtardığı bir məqamda Azərbaycan hakimiyyətinin anti-insani siyasəti, öz vətəndaşına zülm etmək xisləti elə Tramp administrasiyasının özü tərfindən ifşa edildi.
Necə deyərlər “şirin qoğalın” dadı damaqlardan getməmiş Xudayar kattanın zoğal ağacından da müdhiş olan “sərt dəyənək” kabus kimi Azərbaycanın başı üzərində dolanan “dəmir yumruğ”un öz xalqının başına gətirdi mənzərəni ortaya qoydu.
Son həftə ərzində bir nüçə “xalq elçisi” Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli əleyhinə qızğın kompaniyaya başlayıblar. Elə bilirlər Əliyev Əli Kərimlini həbs etmək üçün Trampdan aldığı mandatla qayıdır.
Əliyevin Ağ evi “fəth etməsindən” sərməst olan bir deputata (Vasif Qafarov) hətta “Əli Kərimli XXI əsrin Əliheydər Qarayevi rolunda çıxış edir” adlı müsahibə (bundan bir neçə gün əvvəl isə Əli Kərimlinin əleyhinə ünvansız yazı yazmışdı) vermişdi. Deputat olmazdan əvvəl XX əsrin milli lideri Rəsulzadənin qarşı çıxışı ilə gündəmə gəlmiş birisinin, təmsil etdiyi Lerik rayonunun səfalət içində boğulduğu, işsizlik və imkansızlıqdan kəndlərin boşaıdığı bir dairənin təmsilçisi, Nardaranda Kazino (qumarxana) açmağın “fəzilətlərindən” danışan “xalq elçisinin” Əli Kərimlini Qarayevin vairsi adalndırması tam “təbidir”.
Necə olur hər dəfə öz çıxışlarında Əliheydər Qarayev haqqında qanadlı ifadələr işlədən, onu əfsanəvi bolşevik hesab edən, rəhbərlik etdiyi Mərkəzi Komitə Bürosunun qərarları ilə yubileylərini keçirən, haqqında kitab və məqalələr yazdıran, Qarayevin silahdaşı Şaumyana heykəl qoyan Heydər Əliyev Əliheydər Qarayavin varisi olmur, amma Əli Kərimli onun varisi olur? Necə olur ki, yaxın vaxtlara qədər Putin dünyanın 1 nömrəli siyasətçisidir, Rusiya bütün dünyada sülhün və təhlükəsizliyin əsas təminatçısıdır deyən, Sergey Narişkinlə ölkə müxalifətinə qarşı birgə mübarizə aparan İlham Əliyev Əliheydər Qarayevin varisi olmur, 30-35 ildir bu ölkədə Rusiyaya qarşı dayanan bir partiyanın sədri Əli Kərimli olur Qarayevin varisi?
Ana Vətən Partiyasının sədr müavini, vərəsəlik hüquq ilə mandat alan Günay Ağamalı Musavat.com-a son bir həftədə iki dəfə verdiyi açıqlamada deyir ki, “ifrat ritorikası ilə gündəmdə qalmağa çalışan Əli Kərimlinin “siyasi məhbus” adı altında səsləndirdiyi cəfəng və qərəzli çağırışlar ictimai şüuru zəhərləmək, hüquqi sabitliyi pozmaq və ölkədə hərc-mərclik mühiti formalaşdırmaq məqsədi daşıyır….Əli Kərimlinin Azərbaycanın guya “ən avtoritar rejimlərdən biri” olması barədə səsləndirdiyi fikirlər qərəzli siyasi təbliğat nümunəsidir.” Hələ Azərbaycan torpaqları erməni işğalı altında olanda Azərbaycan müdafiə nazirliyinin büdcəsini azaldıb Daxili qoşunların büdcəsini artıranda Əli Kərimli çıxış edib demişdi ki, belə çıxır ki, siz erməni ilə yox, müxalifətlə vuruşmağa hazırlaşırsınız. Bax onda bu Günay xanımın atası Fəzail Ağamalı demişdi ki, əcəb edirik, erməni bizə neyləyib ki? Müxalifət isə bizim hakimiyyət üçün təhlükə törədir.
Kamal Cəfərov adlı ayrı bir deputat isə tək Rəsulzadəni təhqir etmir, Cümhuriyyət hökumətinə böhtan atmır, xalq hərəkatını gözdən salmır, həm də bu millətə qarşı Əli Kərmlinin “içində illərlə qoruyub saxladığı dərin nifrətin” axtarışına çıxır. Bu nifrət nədən ibarət ola bilər?
Bəlkə ofşorlardan Əli Kərimlinin və ailə üzvlərinin adına milyardlar çıxıb? Bəlkə Əli Kərimli oğlu 9 yaşında olanda Dubayda 75 milyon dollara, Moskvada 35 milyon dollara mülklər alıb: Bəlkə Əli Kərimli və ailə üzvləri Londonu məhəllə-məhəllə alıb? Bəlkə Əli Kərimli lap bu yaxınlarda Bodrumda uşaqlarına 1 milyard manat dəyərində şərik hotel alıb? Bəlkə ərazisi işğal altında olan ölkənin müdafiə xərcləri də daxil 3 milyard dollar vəsaiti natəmiz yollarla Əli Kərimli “Azərbaycan camaşırxanası” marşrutu ilə ölkədən çıxarıb? Bəlkə Əli Kərimlinin övladlarının sərvəti 13 milyard dollar həcmində qiymətləndirilir? Bəlkə elə içində bu millətə nifrət olduğuna görə Əli Kərimli 19 ildir bu millətin körpələrinin uşaq pulunu kəsib, əvəzində öz uşaqlarını milyarder edib? Bu sualları xeyli uzatmaq da olar. Amma sohbət ABŞ Dövlət Departamantinin 2 gün əvvəl yaydığı 2024-cü il üçün insan haqları hesabatından gedir.
Yeri gəlmişkən elə həmin hesabatda ötən il Əli Kərimliyə qarşı quraşdırılmış saxta məhkəmə prosesi haqqında deyilir:
“9 avqustda hakimiyyət müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı cinayət işi açıb. Tənqidçilər bu ittihamların partiyanı zəiflətmək və siyasi müxalifəti boğmaq məqsədilə uydurulduğunu bildiririblər. Kərimli isə bu ittihamların hökumətin nəzarətinə meydan oxuyan əsas fiqurları aradan qaldırmaq və narazı səsləri susdurmaq üçün daha genişmiqyaslı planın tərkib hissəsi olduğunu deyib”.
Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir:
-Əsassız və ya qanunsuz qətllər; (Söhbət insan qətllərindən gedir)
-İşgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza;
-Əsassız həbslər və saxlamalar;
-Xarici ölkədə yaşayan şəxslərə qarşı transmillət təzyiqlər;
-İfadə və media azadlığına ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılıq və ya zorakılıq təhdidi, əsassız həbslər, məhkəmə təqibi, senzura və internet azadlığının ciddi məhdudlaşdırılması;
-Müstəqil həmkarlar ittifaqlarının qadağan edilməsi və ya işçilərin birləşmə azadlığının əhəmiyyətli və sistemli məhdudlaşdırılması;
-Uşaq əməyinin ən ağır formalarının geniş yayılması.
Jurnalistlər və bloqqerlərlə bağlı:
“2022-ci il Media Qanunu ilə jurnalistlərin qeydiyyata alınması üçün sərt tələblər qoyulub (ali təhsil, qeydiyyatlı media orqanı ilə müqavilə, məhkumluğun olmaması və s.).
Təhqir və böhtan cinayət hesab olunur, prezidentin təhqirinə görə isə üç ilədək həbs cəzası nəzərdə tutulur.
2023-cü ilin noyabrından 2024-cü ilin noyabrına qədər azı 40 müstəqil jurnalist və vətəndaş cəmiyyəti fəalı həbs edilib”.
Sənəddə deyilir ki, jurnalistlər öz yazılarına görə hökumət orqanları və ya onların tapşırığı ilə hərəkət edən şəxslər tərəfindən zorakılıq, təqib və hədələrlə üzləşiblər. Polis jurnalistlərin və bloqçuların peşə fəaliyyətinə mane olmaq və mətbuat azadlığını məhdudlaşdırmaq üçün güc tətbiq edib. Hökuməti tənqid edən və ya korrupsiya araşdırmaları aparan müstəqil jurnalistlər mütəmadi olara həbs edilib. Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında saxlanılıb, xarici vəsaitlərin qaçaqmalçılığı ittihamı ilə həbs olunub. Müşahidəçilər onun korrupsiya ilə bağlı araşdırmalarına görə hədəfə alındığını bildirir. 7 sentyabrda hökumət Abzas Media-ya qarşı məhkəmə işi çərçivəsində valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunan 6 jurnalistin, o cümlədən Vaqifqızının istintaq təcridxanasında qalma müddətini uzatdı ki, bu da müstəqil mediaya qarşı daha geniş miqyaslı təzyiqlərin göstəricisi idi.
Jurnalistlərin və vətəndaş fəallarının həbsdə olarkən fiziki zorakılığa məruz qaldıqları barədə etibarlı məlumatlar mövcuddur.
Hesabatda qeyd edilir ki, hökumət ictimai müzakirələri məhdudlaşdırmaq və jurnalistlərə, tənqidçilərə və siyasi rəqiblərə qarşı tədbirlər görmək üçün mülki və cinayət qanunlarından istifadə edib.
Hesabatda Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu barəsində belə yazılır:
“2023-cü ilin dekabrında tanınmış müxalifət lideri və hökumət tənqidçisi Tofig Yaqublu dələduzluq, saxtakarlıq və rəsmi sənədlərin qanunsuz hazırlanması ittihamları ilə həbs edilib. QHT-lər bu həbsi, sübut çatışmazlığı səbəbindən, əsassız hesab edirlər. Onların məlumatına görə, Yaqublu lazımi məhkəmə qərarı olmadan saxlanılıb, rəsmi ittiham irəli sürülmədən uzun müddət həbsdə qalıb və vəkilə çıxış imkanları məhdudlaşdırılıb. Onun ailəsi Yaqublunun uzun müddət tam təcrid şəraitində saxlandığını, ailəsi və hüquqi nümayəndələri ilə əlaqəsinin kəsildiyini bildirib”.
Hesabatda qeyd olunur ki, hökumət vətəndaş cəmiyyəti fəallarının internet yazışmalarına nəzarət edir. Fəallar polis tərəfindən təqib olunduqlarını, hökuməti tənqid edən paylaşımlarını fiziki zorakılıq təhdidi ilə silməyə məcbur edildiklərini bildiriblər. Onlar tez-tez sorğu-suala çəkilir, saxlanılır və hökumət əleyhinə paylaşımlar etdiklərinə, eləcə də insan haqları pozuntuları barədə onlayn şərhlərinə görə inzibati qaydada həbs olunurlar.
Beynəlxalq təşkilatlar və yerli müşahidəçilər hökumətin sosial media müzakirələrinə təsir göstərmək üçün bot və ya troll hesablarından istifadə etdiyini bildirir.
Hesabatda qeyd edilir ki, Azərbaycan qanunları hər hansı əsassız həbsi və saxlanmanı qadağan etsə və şəxslərə həbslərinin və ya saxlanmalarının qanuniliyini məhkəmədə mübahisələndirmək hüququ versə də, hökumət bu tələblərə, ümumiyyətlə, əməl etmir.
Sənəddə bildirilir: Ölkədə əmək hüquqları ilə bağlı qeyd olunur ki, qanuna görə, işçilər müstəqil həmkarlar ittifaqları yarada və kollektiv danışıqlar apara bilərlər. Amma demək olar ki, bütün ittifaqlar hökumətyönlü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxildir. Müstəqil ittifaqlar azdır və qeydiyyatdan keçə bilmir. Kollektiv müqavilələr çox vaxt formal xarakter daşıyır və icra olunmur. Neft-qaz sektorundakı beynəlxalq müqavilələr milli qanunlardan üstün tutulur və işçilərin ittifaq hüquqlarını məhdudlaşdırır.
2023-cü ilin avqustunda qida çatdırılması xidməti işçilərinin tətilində iştirak edən müstəqil həmkarlar ittifaqı fəalları Afiəddin Məmmədov, Möhəddin Orucov, Ayxan İsrafilov və Elvin Mustafayev həbs olunub. 31 yanvarda Elvin Mustafayev üç il müddətinə azadlıqdan məhrum edilib, digərləri isə ilin sonuna qədər həbsdə qalıb.
Hesabatda göstərilir ki, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə və digər zorakılıq halları ilə bağlı çoxsaylı etibarlı iddialar mövcuddur. Əksər pis rəftar halları saxlanılan şəxslər polis nəzarətində olarkən baş verir. Hakimiyyət etiraf ifadələrini almaq üçün zorakı üsullardan istifadə edir. İl ərzində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində, rayon polis şöbələrində və Penitensiar Xidmətin saxlama müəssisələrində pis rəftar və zorakılıqla bağlı çoxsaylı etibarlı iddialar mövcud olub.
“Müstəqil Abzas Media-nın baş redaktoru Ülvi Həsənli noyabr ayında başa çatan bir illik həbsi dövründə Bakı 1 saylı İstintaq Təcridxanasında məhbuslara qarşı pis rəftar və korrupsiya hallarının şahidi olduğunu və onları sənədləşdirdiyini açıqladı. Onun hesabatında məhbusların dəyənəklə və taxta çubuqlarla ağır döyülməsi, məhbusların dəmir barmaqlıqlardan asılması, ağrılı vəziyyətdə qandallanması, həmçinin təhqiredici sözlərlə alçaldılması kimi hallar qeyd olunurdu. Həsənli bildirmişdi ki, saxlanılanlar mütəmadi olaraq ailə üzvlərinə qarşı təzyiqlərlə və əlavə cinayət təqibi ilə hədələnirdilər. O, təcridxananın şəraitini “alçaldıcı və qeyri-insani” adlandırmışdı. 4 oktyabrda həyat yoldaşı Rübabə Quliyeva iddia etmişdi ki, Həsənli hesabatını dərc etdikdən sonra qeyri-insani rəftara məruz qalıb. O, bir neçə hadisəni təsvir etmişdi, o cümlədən 7 sentyabrda həbsxana nəzarətçisinin Həsənlini həmkarı Sevinc Vaqifqızını salamlayarkən vurması və divara çırpması; 13 sentyabrda həyat yoldaşı ilə görüş zamanı isə Həsənlinin kürəyində göyərmələrin olduğu iddia edilirdi” – deyə hesabatda yazılır.
Hesabatda daha sonra qeyd olunur ki, hökumət siyasi motivli qisas məqsədilə digər ölkələrdə yaşayan şəxslərə qarşı zorakılıq və ya zorakılıq hədəsindən istifadə edib.
“Maskalı şəxslər 2 oktyabr tarixində Fransanın Müluz şəhərində tanınmış siyasi mühacir Vidadi İskəndərova mənzilində hücum edərək, onu bıçaqlayıb öldürüblər. Amnesty International Fransa hakimiyyətinə İskəndərovun öldürülməsi ilə bağlı bütün mümkün motivləri, o cümlədən onun Azərbaycan hökumətini tənqid etməsini nəzərə almağa çağırıb. Təşkilat həmçinin mühacir fəalları bu cür zorakılıq aktlarından qorumağın və məsul şəxsləri ədalətli məhkəmə yolu ilə cəzalandırmağın vacibliyini vurğulayıb”.
Hesabatda qeyd edilir ki, hökumət müəyyən şəxslərə qarşı siyasi motivli məqsədlərlə beynəlxalq hüquq-mühafizə mexanizmlərindən sui-istifadə edib və ya etməyə cəhd göstərib: “Mühacirətdə yaşayan azərbaycanlı jurnalist Əfqan Sadiqov ailəsi ilə birlikdə 17 iyul tarixində Tbilisidən Türkiyəyə səfər edərkən qarşısı alınıb və gürcü hakimiyyət orqanları ona yalnız Azərbaycana gedə biləcəyini bildiriblər. 4 avqustda Gürcüstan hökuməti onu Azərbaycan tərəfin “hədə-qorxu yolu ilə pul tələb etmə” və “hədələmə” ittihamları əsasında həbs edib”.
Bax belə! Bütün bu faktlar Tramp administrasiyası tərəfindən bəyan edilmişdir. Bu hesabatda göstərilənlərə görə, ölkəni bu vəziyyətə salmağa görə, ölkəni işgəncə labaratoriyasına döndərməyə görə bir az utanmaq lazımdır.
Cəmil Həsənli Milli Şuranın Sədri Professor





















