Baş naziri azərbaycan dilində danısa bilməyən ölkədə prezident dili qorumaqdan danışır
Ilham Əliyevin məlum çıxışında (yerli tv-lərə müsahibəsində) Azərbaycan dilinin qorunması ilə bağlı dediklərindən sonra ölkədə bir dil kampaniyası başlanıb. İdarə və müəssisələr yığıncaqlar keçirib Azərbaycan dilinin qorunmasının vacibliyindən danışırlar. Sanki bu çıxışa qədər Azərbaycan dilini qorumaq lazım deyilmiş və adamlar indi başa düşüblər ki, Azərbaycan dilini qorumaq lazımdır.
Elmlər Akademiyası və Yazıçılar Birliyində də dil müşavirələri keçirilib. Atəşin nitqlər söylənilib. Sonuncu tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, müavini Elçin Hüseynbəyli, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Jalə Əliyeva, Səyyad Aran, professorlar Nadir Məmmədli, Telman Vəlixanlı, Kərim Tahirli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış edərək Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu bildiriblər və yaxşı da ediblər. Amma hələ indiyə qədər kampaniyaçılıqla heç nə düzəlməyim.
Dili qoruyan da, inkişaf etdirən də , saxlayan da xalqdır. İlham Əliyev dilin qorunması və ona qayğı göstərilməsi haqqında danışır. Bu yaxşıdır. Amma onun sərəncamı ilə təyin edilən Baş nazir, yəni Azərbaycan hökumətinin başçısı Əli Əsədov Azərbaycan dilində nəinki danışa bilmir, hətta Azərbaycan dilində yazılmış mətni üzündən oxuya bilmir. Bu da qalsın bir yana, hətta İlham Əliyevin öz soy adını belə Azərbaycan dilində olan mətndən səhv oxuyur. Beynəlxalq görüşlərin rus dilində aparır. Hətta türk dilini bilən İran rəsmiləri ilə belə rusca danışıqlar aparır. Azərbaycan hökumətinin tərkibinin təxminən yarısı bu gündədir. Siz bununla Azərbaycan dilini qorumaq istəyirsiniz?
Azərbaycan Elmlər Akademiyasının prezidenti İsa Həbubbəyli bir kağıza baxıb robotdan Azərbaycan dilində soruşur ki: Necəsən? Süni intellekt əsrində robot onu başa düşmür, gözlərini döyür. Bu biçarə millət onu nə dediyini necə anlasın? Akademiyanın buraxdığı Xəbərlərin demək olar ki, hər nömrəsinin hər səhifəsində dil xətaları var. Bütün bunları düzəltmək üçün gözləmək lazımdır ki, prezident dil haqqında çıxış eləsin sonra dili qorumaqla bağlı təntənəli müşavirələr keçirəsən.
Bir neçə il əvvəl ölkənin orta məktəblərinin buraxılış siniflərində (IX və XI siniflər) şagirdlərin yarıya qədər – yəni müstəqil Azərbaycan respublikasında şagirdlərin 50 faizi Azərbaycan dili imtahanından qeyri kafi qiymət almışdı. Əslində bu faciəli bir vəziyyət idi. Hökumət bu vəziyyəti aradan qaldırmaq üçün hansı təcili tədbirləri gördü?
Təxminən 6-7 ay öncə ölkəmizin ən tanınmış dilçi akademiki təklif verdi ki, “Vopşe”, “tak çto”, “znaçit” kimi rus sözlərini dilimizin lüğətinə daxil etməliyik. Bu təklif nə yerdə qaldı? Belə getsə gərək rus söyüşlərini də rəsmiləşdirək, o səbəbə ki, Azərbaycan dilində olan söyüşlər dillin qramatik qaydalarına uyğun gəlmir.
Ölkədə Azərbaycan dilində buraxılan kitabların xeyli hissəsində çoxlu ciddi dil xətaları var, maliyyə çətinlikləri ilə bağlı korruktura peşəkarlığı son illərdə çox aşağı düşüb. Hətta nəşr edilən bəzi kitabların adında belə dil xətalarına yol verilir.
Tez-tez məhkəmələrə gedirəm. Prokurorların, müstəntiqləri tərtib etdiyi cinayət işlərində, hakimlərin məhkəmə prosesində danışdığı və elan etdiyi hökmlərin dilinin Azərbaycan dilinə heç bir aidiyyəti yoxdur. İttahamlarda və hökmlərdə bəzən bir cümlə bir neçə min sözdən ibarət olur. Sanki bizim ölkədə hüquq dili ayrı bir dildir və onun Azərbaycan dilinə heç bir aidiyyəti yoxdur.
Azərbaycan teleməkanənda yayılan tv-lər sözün tam mənasında Azərbaycan dilinin qəsdinə dürüb. Efir proqramlarında səslənən dil, Azərbaycan dilini qorumur, onu inkişaf etdirmir, əksinə dilin belin qırır, onu eybəcərləşdirir, indi nəinki meyxanalarda, hətta yazılan mahnılarda belə rus sözlərindən, kəlmələrindən qafiyə məqsədi üçün geniş istifadə edilir və belə mənzərə Azərbaycan dilini hörmətsiz və gülünc vəziyyətə salır.Bütüövlükdə efir, dil hazırlığı və dil mədəniyyəti olmayan adamlar tərəfindən işğal edilib, proteksiya və rüşvət ölkə teleməkanını dava-dalaş, qeybət, təhqir blokuna çevirib. İkincə həftə dil monitoriqi keçirilsə dilin halına ağlamağa iki göz yetişməz. Sanki dilin qorunmasının tv-lərə heç bir aidiyyəti yoxdur. Getdikcə xalqın dili ilə tv-lərin dili arasında böyük uçrum yaranır.
Bütün kampaniyalar bir şey vermədiyi kimi Azərbaycan dili ilə bağlı aparılan kampaniya da çətin ki, bir şey versin. Çünki məqsəd dili sağaltmaq deyil, öz uşaqları ilə rusca danışan prezidentin “dilə qayğısın” təbliğ və tərif etməkdir.
Cəmil Həsənli
Milli Şuranın sədri.
azadlıq qəzeti



















