Sinəmdə ocaq tək yanan sözlərim,
Şeirdə yuvasın qurub, yaşayır.
Misralar ruhumu özüylə birgə,
Gələcək zamana mənsiz daşıyır.
Könlümü, qəlbimi söz vərəq-vərəq,
Sətirlər içində büküb, bələyir,
Yazıram, yazıram özüm bilmədən,
Ömrümü, günümü bir-bir ələyir.
Gizlənə bilmədim oddan, alovdan,
Elə bil dərd özü məni diləyir.
Gur-gur guruldayan acıqlı göylər,
Qəzəbin, hikkəsin mənə çiləyir.
Gözümün yaşları hələ bitməmiş,
Dağların dərdini belə yükləyir,
Hicranı ağrılı beşiyə qoyub,
Anamsız taleyim bəxti yelləyir.
Hicran Əhmədli.



















