Qazi təqaüdü ilə deputat maaşı arasında 100 dəfə fərq olan ölkə
Dünyada milyarderlərin sayı ilk dəfə 3 000 həddini keçərək tarixi ən yüksək səviyyəyə çatıb. Onların sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon dollara yüksəlib.
Bu barədə “Oxfam”ın yaydığı hesabatda bildirilir. Hesabata görə, milyarderlerin yalnız son bir ildə sərvətlərinə əlavə etdiyi 2,5 trilyon dollar, dünyadakı ən kasıb 4,1 milyard insanın ümumi sərvətinə bərabərdir.
“Oxfam” bu qlobal bərabərsizliklə bağlı hökumətlərə çağırış edib. Bildirilib ki, qolbal bərabərsizliyin azaldılması üçün çox sərvəti olanlar daha yüksək vergiyə cəlb edilməli, siyasət ilə kapital arasındakı əlaqə daha sərt qaydalarla məhdudlaşdırılmalıdır.
“Oxfam”ın Azərbaycandan xəbəri yoxdur. Əks halda, bizimlə bağlı ayrıca hesabat hazırlayardı.
Bizim ölkəmizdə qazi təqaüdü ilə deputat maaşı arasında 100-dəfədən artıq fərq var. Yaxud, bu ölkədə onlarla məmurun sahib olduğu torpaq sahəsi, onminlərlə vətəndaşın sahib olduğu torpaq sahəsindən daha çoxdur.
Dünyada sərvət bərabərsizliyi iş adamlarıyla digər kəsim arasında müqayisədə üzə çıxırsa, bizdə məmurlarla vətəndaş arasındakı müqayisədə bəlli olur. Məsələn, bir məmurun villasının qiyməti, onun 100 illik maaşına bərabərdir. Amma bir sıravi vətəndaş maaşını 20 il toplasa 3 otaqlı ev ala bilməz. Ancaq ağır kredit yükünün altına girməlidir.
Ən dəhşətlisi budur ki, korrupsioner bir məmurun aldığı pensiya, siravi vətəndaşın aldığı pensiyadan 10 dəfə çoxdur. Hansıki, onun “fəaliyyəti” yüksək pensiyaya yox, uzunmüddətli həbsə layiqdir.
Çox faktları sadalamaq olar. Məsələn, bu ölkədə qazi təqaüdünə cəmi 4 kilo ət düşür. Yaxud, kommunal xərclər yaşayış minimumunun yarısını mənimsəyir. Və ya bu ölkədə maaşın 60-70 faizi ərzaq məhsullarına sərf olunur. Hələ dərmanların 5-8 dəfə baha qiymətə satılması faktı da var.
Bir sözlə, əgər bu ölkənin sərvəti talan edilməsəydi, yüksək maaş, təqaüd, uşaqpulu verilərdi. Monopoliya idarəçilik normasına çevrilməsəydi vətəndaş maaşla, təqaüdlə normal dolanardı.
Qısası, bizi dünyadakı sərvət bərabərsizliyi ilə təəcübləndirmək olmaz. Biz bunun “kitab”ının yazıldığı ölkədə yaşayırıq.
İlham Hüseyn.
azadlıq qəzeti



















