Tramp Vensi Bakıya niyə göndərir?

Bu səfər Azərbaycanda siyasi məhbuslar problemini həll edəcəkmi?

ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkə hesabında məlumat yayıb ki, fevral ayında vitse-prezident Cey Di Vens Vaşinqtonun sülh təşəbbüslərini irəli aparmaq üçün Azərbaycan və Ermənistana səfər edəcək. Bununla bağlı nüfuzlu ingilisdilli nəşrlərdən olan “Kyiv Post” geniş məqalə dərc edib (link rəydə). Məqalədə Azərbaycanda müxalifətə qarşı repressiya və AXCP lideri Əli Kərimlinin həbsinə də toxunulur.

“Kövrək cəbhə” başlıqlı məqalədə deyilir ki, Ağ Ev Azərbaycan müxalifətinin yeni həbslər dalğası ilə üzləşməsi fonunda Cənubi Qafqazda xarici siyasət sahəsində simvolik bir qələbəyə ümid bəsləyir.

“Cənubi Qafqaz adətən Amerika diplomatik gündəliyində ön sıralarda yer almır. Lakin gələn ay bu region Donald Trampın ən yeni sülh eksperimentinin sınaq meydanına çevrilə bilər.
ABŞ Prezidenti cümə günü elan edib ki, vitse-prezident C.D. Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək. Bu addımla Tramp özünün ikinci şəxsini nadir hallarda yüksək səviyyəli ABŞ rəsmilərini qəbul edən bir bölgəyə göndərir.
Trampın sözlərinə görə, bu səfər ötən ilin avqustunda onun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda təxminən dörd onillik davam edən müharibəyə son qoymaq məqsədilə əldə olunmuş razılaşma — “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun irəlilədilməsinə xidmət edəcək.
Bu, rəmzi məna ilə yüklənmiş, eyni zamanda ciddi siyasi risklər daşıyan iddialı bir missiyadır” – deyə müəllif Aleks Raufoğlu yazır.

Məqalədə vurğulanır ki, Cənubi Qafqaz uzun müddətdir ABŞ diplomatiyasının kənarında qalıb. Bakıya sonuncu dəfə ABŞ vitse-prezidenti 2008-ci ilin sentyabrında gəlib. Bu, Rusiyanın Gürcüstana hücumundan sonra bölgəyə gələn o zamankı vitse-prezident Dik Çeyni olub. Çeyni həmin vaxt Ermənistana səfər etməmiş, lakin Gürcüstan və Ukraynaya getmişdi.

Nəzərdə tutulan səfər barədə açıqlamasında Tramp bildirib ki, Vens bir neçə istiqamət üzrə əlaqələrin dərinləşdirilməsinə çalışacaq: “Biz Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcəyik, Ermənistanla dinc məqsədli nüvə əməkdaşlığına dair gözəl bir Saziş, möhtəşəm yarımkeçirici istehsalçılarımız üçün razılaşmalar, eləcə də ABŞ-da istehsal olunan müdafiə avadanlıqlarının — o cümlədən bədən zirehləri və qayıqların — və daha artığının Azərbaycana satışını həyata keçirəcəyik”.

Məqalədə xatırladılır ki, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin şərtlərinə əsasən, hər iki ölkə bir-birinə qarşı bütün ərazi iddialarından imtina edib, güc tətbiqindən çəkinmək öhdəliyi götürüb və beynəlxalq hüquqa hörmət edəcəklərini təsdiqləyiblər. Bu həftənin əvvəlində Ermənistan ABŞ-ın dəstəklədiyi layihə çərçivəsində elektrik enerjisinin idxal və ixracını asanlaşdırmaq məqsədilə enerji sistemlərini Azərbaycanla inteqrasiya edəcəyini açıqlayıb. Bu isə sazişin ilk real bəhrələrindən biri kimi qiymətləndirilir.

“Lakin Trampın sülh təşəbbüsünün əsas mexanizmləri yanvar ayında işə düşüb. Keçən həftə ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun İcra Çərçivəsini (TRIPP) təqdim ediblər. Həcmli, lakin mühüm əhəmiyyət daşıyan bu sənəd ötən yay Ağ Evin üzərinə götürdüyü öhdəlikləri dəmir yolu xətləri, avtomobil yolları və gəlir axınları kimi konkret mexanizmlərə çevirir.
Sənəddə maneəsiz, çoxşaxəli tranzitin Azərbaycanın Naxçıvan eksklavını ölkənin əsas hissəsi ilə birləşdirməsi nəzərdə tutulur, eyni zamanda Ermənistanın suverenliyi, yurisdiksiyası və sərhəd nəzarətinin açıq şəkildə qorunacağı vurğulanır.
ABŞ-ın nəzarətində olan inkişaf şirkəti, Ermənistanın tənzimləyici orqanları və ərazi bütövlüyünə dair möhkəm təminatlar bu modelin əsasını təşkil edir.
Vaşinqton üçün isə qazanc stratejidir: TRIPP ticarət marşrutlarını və təchizat zəncirlərini genişləndirir və Avrasiyanın ən mübahisəli dəhlizlərindən birində ABŞ tərəfindən idarə olunan tranzit arteriyasının əsasını qoyur” – deyə, məqalədə yazılır.

Mövzu ilə bağlı “Kyiv Post”a danışan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kauzlariç bildirib ki, bu səfər ötən yay Vaşinqtonda keçirilən sammitin davamı olduğuna işarədir.

“Bu, TRIPP layihəsi, Ermənistan və Azərbaycanla genişləndirilmiş ikitərəfli tərəfdaşlıq vasitəsilə ABŞ-ın Cənubi Qafqazda mövcud olacağını İrana mesaj olaraq çatdırmaq üçün əla fürsətdir,” — deyə Kauzlariç əlavə edib.

Məqalədə daha sonra Azərbaycandakı avtokratiya probleminədən bəhs olunur:
“Vaşinqton bir irəliləyişi qeyd etməyə hazırlaşdığı vaxtda, Azərbaycanın daxili siyasəti kəskin şəkildə əks istiqamətə sürüşür. Prezident İlham Əliyevin hökuməti müxalif fiqurlara qarşı yeni repressiya dalğasına start verib. ABŞ qanunvericiləri isə Tramp administrasiyasının “iş birliyinə doğru yuxuda addımladığını” xəbərdar edirlər.

Əliyevin son hədəfi Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri və prezidentin ən ardıcıl tənqidçilərindən biri olan Əli Kərimlidir.

Kərimli ötən ilin sonlarında evinə edilən reyddən sonra saxlanılıb və “hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd” ittihamı ilə təqsirləndirilib. Müxalifət nümayəndələri bu ittihamları həm uydurma, həm də depressiv dərəcədə tanış adlandırırlar.
Bu həftənin əvvəlində Kyiv Post-a verdiyi eksklüziv müsahibədə Kərimlinin həyat yoldaşı Samara Seyidova iddia edilən çevriliş planını “fars” adlandırıb, Əliyevi diqqəti dağılmış dünyadan istifadə edərək son təşkilatlanmış müxalifəti əzməkdə ittiham edib və Vaşinqtonu susqunluğunun strateji enerji tərəfdaşını onun sözləri ilə desək, “tam qapalı avtoritar sistemə” çevirməyə kömək etdiyi barədə xəbərdar edib.

Onun Vaşinqtona mesajı açıq idi: təhlükəsizlik tərəfdaşlığını qoruyun — amma adları çəkməyə başlayın.

“Niyə Əliyev legitim lider kimi qəbul olunur,” — deyə o soruşub, — “digərləri isə kimsəsizlər kimi sanksiyalara məruz qalır?”

Vensin səfərinin siyasi məhbusların azad olunması məsələsini qaldırıb-qaldırmayacağı, yoxsa bu mövzunu sakitcə kənara qoyacağı hələ də açıq sualdır”.

Yazı Axcp sədri Əli Kərimlinin Facebook səhifəsinə istinadən dərc olunub