Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın 2024-cü ildə gördüyü işlərə dair hesabat iclası keçirilib

Fevralın 28-də Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
İclasın əsas müzakirə mövzuları İctimai Şuranın fəaliyyətini əks etdirən hesabatın müzakirəsi, görülmüş işlər haqqında ictimaiyyətə məlumatın verilməsi, eləcə də 2025-ci ilin fəaliyyət planı, həyata keçiriləcək layihələr və cari məsələlərə dair fikir mübadiləsi olub.
Şuranın sədri, Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Ramazan Molulov iclasda görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında məlumat verib. Bildirib ki, 2024-cü ildə İctimai Şura üzvləri rayon icra hakimiyyəti başçısının təşkil etdiyi vətəndaş qəbullarında, ümumrayon və digər ənənəvi tədbirlərdə, xüsusən şəhidlərimizə həsr olunmuş yığıncaqlarda iştirak edib. Şəhid ailələrini ziyarət etmək, kədərlərinə şərik olmaq, onların sosial problemlərinin həllinə, malik olduqları imtiyazlardan maksimum istifadə edilməsinə dəstək olmaq Şuranın əsas fəaliyyət istiqamətlərindən biri olub.
İctimai Şuranın katibi, rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Fuad Mikayılov hesabat məruzəsini iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, Şura üzvləri vaxtaşırı kəndlərdə yaşayan, sosial cəhətdən həssas ailələrlə görüşmüş, şəhid ailələri, qazilər, müharibə iştirakçılarının evlərində olmuşlar. Bu zaman aşkar edilən və qaldırılan problemlərin həlli rayon icra hakimiyyətinin müvafiq şöbələri ilə birgə araşdırılmış, əksəriyyəti mövcud qanunvericilik çərçivəsində öz həllini tapmışdır. Eyni zamanda İctimai Şuraya vətəndaşlar tərəfindən işlə təminat, maddi köməklik və digər məsələlərlə bağlı 14 müraciət daxil olub. İctimai Şura tərəfindən qaldırılan məsələlərə və təşəbbüslərə rayon icra hakimiyyətində həsasslıqla yanaşılmışdır.
İctimai Şuranın üzvü, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi rayon şöbəsinin sədri Aydın Abdullayev vurğulayıb ki, hesabat dövründə İctimai Şuranın 9 iclası keçirilib. İclaslarda Şuranın fəaliyyət istiqamətləri, səmərəliliyin artırılması, əhali ilə rayon icra hakimiyyəti arasında əlaqələrin daha sıx qurulmasında vətəndaş cəmiyyətinin dəstəyi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov bildirib ki, Balakən Rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü il ərzində kollegial qərarların qəbulu zamanı, komissiyalar və işçi qrupları yaradılarkən, eyni zamanda RİH başçısı tərəfindən keçirilən vətəndaş qəbullarında və səyyar görüşlərdə İctimai Şuranın üzvləri iştirak etmişlər. Həmçinin RİH başçısı yanında yaradılmış 2 komissiyanın tərkibinə İctimai Şuranın üzvləri daxil edilib.
İclasda çıxış edən Şura üzvləri şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Daha sonra qarşıda duran məsələlərlə bağlı şura üzvləri ilə ətraflı fikir mübadiləsi aparılıb.