MÜSAVAT PARTİYASININ BAŞQAN MÜAVİNİ Mustafa Hajibeyli

Dünya liderləri, o cümlədən Ukrayna prezidenti Zelenski Vatikanda bir araya gəliblər. Rusiya hökmdarı Putin isə Beynəlxalq Məhkəmənin qərarı ilə həbs edilə biləcəyindən qorxduğu üçün Roma papasının dəfn mərasiminə qatılmayıb.

Putin sivil dünyadan təcrid olunduğunu ört-basdır etmək üçün bu gün Kursk vilayətinin tam azad olunduğunu elan edib. Halbuki müstəqil mənbələr Kursk vilayətində bir sıra yaşayış məntəqələri və strateji mövqelərin hələ də Ukrayna silahlı qüvvələrinin nəzarətində olduğunu bildirirlər.

Putin Kursk bölgəsinin “tam azad edildiyini” elan edərkən Şimali Koreya hərbçilərinə təşəkkür edib.

Rusiya işğalçı ordusunun baş qərargah rəisi Valeri Gerasimov da rəsmi olaraq etiraf edib ki, Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı döyüşlərdə Şimali Koreya əsgərləri iştirak edib.

Bu, Moskvanın Şimali Koreya hərbçilərinin birbaşa döyüşlərdə iştirakını ilk dəfə açıq şəkildə təsdiqləməsi kimi qiymətləndirilir.

Bu, həm də Rusiyanın öz ərazi bütövlüyünü təkbaşına təmin edə bilmədiyinin etirafı kimi də qiymətləndirilə bilər.