İranın çıxış yolu varmı və ya hava hücumlarının nəticələri nə ola bilər?

Yeraltı nüvə bazalarına əli çatmayan İsrail İranı necə təslim olmağa məcbur etmək istəyir ?

Dünən İsrail və İran arasında gözlənilən savaş başladı. Elə ilk gündən göründü ki, İsrailin bu hücumda hərbi texnoloji üstünlüyü qarşısında İran özünü müdafiə etmək imkanında deyil. 200 təyyarənin qatıldığı hücumun başlandığı elə ilk saatlarda İsrail İranın HHM sistemlərini öncədən əraziyə yerləşdirilmiş dronlar vasitəsi ilə sıradan çixarmış oldu. Bununla da İran səması İsrail üçün açıq və təhlükəsiz hala gəldi.

Zərbələrin effektivliyinə gəldikdə isə, aydındır ki, İsrailin əsas məqsədi İranın nüvə potensialını məhv etməkdir. Ancaq, İranın əsas uranı zənginləşdirmə bazaları yer alt dərinlikdə yerləşdiyi üçün, onlar F-35- lərdən atilan raketlərlə məhv etmək mümkün deyil, bunun üçün ABŞ-n B-2 strateji bombardman təyyarəsinin ata biləcəyi 13,6 tonluq GBU-57A/B MOP bombaları ancaq işə yaraya bilər. O, zaman bəs İsrailin bu hücumları hansı nəticəni verə bilər?

Hava hücumunun ilk saatlarında İran ordusunun demək olar ki, bütün yüksək komandirlərinin və nüvə alimlərinin öldürülməsi, hərbi sənayesinin tamamən məhv edilməsi, müharibə tarixində bənzəri görülməyən dəhşətli bir hadisədir. Bu İran ordu rəhbərliyinin və hərbi sənayesinin İsrail kəşfiyyatı qarşısında nə qədər açıq bir hədəf olduğunu göstərir. Belə bir vəziyyətdə İran ordusu irəlidəki günlərdə İsrail hücumları qarşısında ölkəni nəcə müdafiə edə biləcək, bu artıq sual doğurur. Hələ ki, görünən odur ki, hava hücumları qarşısında ordu acizdir və İsrail mərhələ-mərhələ istədiyi kimi İranı dağıtmaq imkanınlarına sahibdir. Əməliyyatın ilk günü növbəti dəfə aydın oldu ki, İstail kəşfiyyatının bu ölkə daxilində əli çatmayan bir yer yoxdur.

Ancaq görünən odur ki, İsrail İranın hərbi rəhbərliyidən fərqli olaraq siyasi rəhbərliyi hələ ki, hədəf almayıb. Belə ehtimal etmək olar ki, İsrail öz avia zərbələri ilə İran siyasi rəhbərliyini yeraltı nüvə mərkəzlərinin məhvinə razı salmağa məcbur etmək istəyir. Çünki hava hücumları bu şəkildə maneəsiz davam edərsə, bu təkcə İranın hərbi qüvvələrini deyil, həm də iqtisadiyyatını ağır, sarsıdıcı zərbələrə məruz qoyacaq. Uranın zənginləşdirilməsi ilə bağlı qərarı siyasilər verməli olduqları üçün, hələ ki, İsrail onlara toxunmur. Əgər, Xamenei dirənməkdə davam edərsə və siyasi rəhbərlik də müharibəyə yolunu tutarsa, o zaman zərbələr təkcə hərbi hədəflərə deyil, neft və qaz istehsalı, emalı, elektrik enerjisi stansiyalarını da əhatə edərək, İranı içindən çıxa bilməyəcəyi bir fəlakətə və böhrana sala bilər. Ölkədəki korrupsioner idarəçilikdən, ideoloji basqı və qadağalardan, çətin həyat şərtlərindən onsuz da narazı olan və zaman zaman etiraz etsə də zorakılıqla üzləşən küskün xalq, bu halda hakimiyyətin vətənpərvərlik təbliğatından təsirlənib nə qədər zəifləmiş rejimə loyal qala biləcək? Bax, indi ən əsas suallardan biri də budur.

İkinci mühüm məqam isə İran hərbi siyasi elitasının ölkəni viranəyə çevirən müharibəni nə qədər davam etdirmək istəyində olub olmayacağı ilə bağlıdır. Aydın görünür ki, İsrail İranın əsas qırğı generallarını hədəf almaqla, SEPAH- zəiflətməklə, əslində, nüvə məsələsində çox da maraqlı olmayan, siyasi dialoq tərəfdarları olan Pezeşkian komandasının mövqeyini gücləndirmək istəyir həm də. Bu dağıdıcı hücumlar davam edəcəyi təqdirdə Pezeşkianın İran mühafizəkar dairələrinə aqressiv radikal yolun, atom bombası yaratmaq avantürasının ölkəni məhvə apardığını demək və bu kursdan imtinaya çağırmaq üçün yetərli qədər əsasları yaranacaq. Bu zaman əgər İran siyasi elitasında islahatçı xəttlə zəifləmiş mühafizəkarlar arasında ziddiyyətlər yaranarsa, bu, artıq prosesi rejim dəyişikliyinə qədər götürə bilər.

Digər vacib məqam isə budur ki, İsrailin zərbələri iran rəhbərliyini və hakimiyyət orqanlarını iflic hala salarsa, mərkəzi hakimiyyətin ölkəyə nəzarəti zəifləyərsə, getdikcə kəskinləşən sosial problemlərlə bərabər, etnik zəmində ziddiyyətləri də gündəmə gələ bilər. İlk baxışda Pezeşkianın prezidentliyi etnik çoxluq sayılan Güney Azərbaycan türklərini tədrici islahatlar yolu ilə öz milli haqlarına qovuşmağa ikna etmiş kimi görünsə də, mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində soydaşlarımız daha çox milli tələblər səsləndirməklə mövcud rejimlə ziddiyyətə girə və milli zəmində təşkilatlana bilərlər. Eyni proses fars olmayan digər xalqlarda da baş verə bilər.
Bu məqamda İsrailin İranın Qərbində və Şimal-Qərbində yaşayan kürdləri, xüsusi ilə də PJK-ı dəstəkləyərək onları rejimə qarşı daxili silahlı mübarizəyə təşviq etməsi də gözlənilir. Bu zaman türklərinin məskunlaşdığı Qərbi Azərbaycan ərazilərinə iddia edən kürdlər, öz əsassız iddalarını güc yolu ilə təmin etməyə çalışarlarsa, bu zaman milli zəminində yaranacaq silahlı münaqişə bütün İran coğrafiyasına yayıla bilər. Biz bunun kiçik örnəyini bu yaxınlarda Urmiya ətrafında gördük. Bu, bir ehtimal olsa da, bizim iradəmizə bağlı olmadığı üçün Azərbaycan dövləti də buna hazır olmalıdır.

Son olaraq onu da qeyd edək ki, İranın Hörmüz boğazını qapatmaqla, neft qiymətlərini qaldırmaq yolu ilə ABŞ- ı İsrailə təzyiq etməyə vadar edəcəyi ehtimalı da yüksək deyil. Çünki bu zaman Körfəz ölkələri də İsrailə və ABŞ-açıq dəstək verərək, Hörmüz boğazındakı İran donanmasını bütünlüklə batıra bilərlər. Bu halda İran onsuz da şikəst hala salınmış iqtisadiyyatının dəniz yolu ilə dünyaya çıxışını da kəsmiş olar. Ona görə də, bu gün İranın əlində bu oyunun qaydalarını dəyişə biləcək heç bir kart yoxdur. İrana açıq və gizli şəkildə bağlı proksi qüvvələr məhv edildiyi və ya fəaliyyət qabiliyyətindən məhrum edildikləri üçün, bu gün Tehranın öz içindəki müharibə atəşini regiona yaymaq imkanları da yoxdur. Əgər bunu qonşu ölkələrə hücum etməklə etməyə qalxarsa, o zaman özünə qarşı cəbhəni daha da genişləndirərək İsraili gücləndirmiş olar. Ona görə də reallıq budur ki, İranın ABŞ-n təklif etdiyi danışıqlar masasına dönüb təslim olmağı qəbul etməkdən başqa bir seçimi yoxdur.

Fuad Qəhrəmanlı.