Fevralın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.

İclasda deputatlar, aidiyyəti dövlət qurumlarının və bələdiyyə assosiasiyalarının nümayəndələri iştirak ediblər.

Komitənin sədri Siyavuş Novruzov çıxışında ötən il yerli özünüidarəetmə sahəsində aparılan islahatları vurğulayaraq, bələdiyyələrin birləşdirilməsinin idarəetmədə səmərəliliyin artırılmasına və institusional potensialın güclənməsinə xidmət etdiyini bildirib. O qeyd edib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2025-ci il üzrə məruzəsi dolğun hazırlanıb, il ərzində görülən işlər, o cümlədən metodoloji yardım və digər tədbirlər geniş əksini tapıb.

Daha sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. 

Nazir müavini il ərzində ədliyyə orqanları tərəfindən maarifləndirmə tədbirlərinin keçirildiyini, institusional və rəqəmsal islahatlar, o cümlədən süni intellekt həlləri hesabına xidmətlərin keyfiyyətinin və idarəetmə səmərəliliyinin artırıldığını bildirib. Qeyd olunub ki, struktur islahatları nəticəsində bələdiyyələrin sayı 685 olub, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra ötən ilin yanvarında keçirilən seçkilərlə onların yeni tərkibi formalaşıb və seçilən üzvlərin əksəriyyətini əvvəlki seçkilərdə olduğu kimi, qadınlar və gənclər təşkil edib.

Nazir müavini bələdiyyələr tərəfindən qanunçuluğa riayət edilməsinin təmin olunması, qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması istiqamətində Nazirliyin həyata keçirdiyi fəaliyyət barədə danışıb. Bildirilib ki, hüquqi ekspertizadan keçirilmiş 81 711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində – 1935) bələdiyyə aktının 97,2 faizinin qanunvericiliyə uyğun olduğu müəyyən edilib, qanun pozuntuları ilə bağlı zəruri tədbirlər görülüb.

Hesabat ilində bələdiyyələrin maliyyə imkanlarının artırılması, yerli vergi və ödənişlərin düzgün hesablanması və yığılması, məşğulluqda bələdiyyələrin iştirakının genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlərin davam etdirildiyi vurğulanıb.

Məruzə ətrafında aparılan müzakirələrdə çıxış edən komitə üzvləri və digər iştirakçılar sənədin hərtərəfli hazırlandığını qeyd edərək, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda illik məruzə müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Ədliyyə Nazirliyi Mətbuat Xidməti