Hərbi xidmət zamanı dünyasını dəyişən əsgər Hüseyn Hüseynovun anası istintaqdan narazıdır. İstintaq əsgərin özünə qəsd etdiyini “sübut etməyə” çalışıb, ana isə bununla razılaşmır. Əsgərin anası Gülgəz Cabbarova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib: “Mən oğlumu 3 aylığından tək böyütmüşəm. O bilirdi ki, mən onunla nəfəs alıram. Yeganə övladımdır. Ən azı, mənə görə də olsa, özünü öldürməzdi. Deyirlər ki, özünü avtomatla vurub. Lakin silahın tətiyində əl izi yoxdur. Bu, necə ola bilər?”

Ana təqsirləndirilən Mahmud Səfəralıyevə qarşı irəli sürülmüş ittihamların ağırlaşdırılmasını istəyir. Onun sözlərinə görə, oğlu ilə birlikdə xidmət edən başqa əsgərlər də hadisədən sonra onunla əlaqə saxlayaraq, Mahmud Səfəralıyevin hərbi qulluqçularlarla həddindən artıq pis davrandığını deyiblər: “Niyə bütün bunlara nəzarət edən olmayıb? O kimdir ki, əsgərləri söysün, döysün?”

Təəssüf ki, bu da bir Azərbaycan reallığıdır. Valideynlər min bir əzabla oğul böyüdür, sonra dövlət onu alıb hərbi xidmət zamanı bir manyakın tabeliyinə verir.

Bu arada hadisə Dövlət Sərhəd Xidmətinin qoşunlarında baş verib. Müdafiə Nazirliyinin tabeliyində olan qoşunlarda son vaxtlar vəziyyət yaxşılığa doğru çox dəyişib. Hikmət Mirzəyevin rəhbərlik etdiyi Quru Qoşunlarında zorakılıq halları minimuma endirilib, qidalanma şəraiti yaxşılaşdırılıb. Hərbi hissələrdə kameralarla nəzarət həyata keçirilir. Amma Sərhəd Qoşunları dəyişməyə tələsmir.

Başqa bir problem isə Əmək Nazirliyində fəaliyyət göstərən Tibbi Komissiyanın xəstə gəncləri xidmətə göndərməsidir. Hərbi Prokurorluq üst-üstə gələn hadisələrə lazımsız dərəcədə təmkin nümayiş etdirir. Cəzasızlıq isə növbəti faciələrə yol açır.

Bizim yol