“Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Qərbi Azərbaycana Qayıdış mövzusu parlament müstəvisində gənclərlə ilk dəfə simulyasiya olunur” – bunu ölkəmizdə ilk dəfə keçiriləcək Milli Məclis (Parlament) Simulyasiyası layihəsinin rəhbəri Qərbi Azərbaycan Səfiri Yusif Elçin oğlu Məmmədəli bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə gənclərin Qərbi Azərbaycana Qayıdış konsepsiyasını yalnız tarixi faktlar çərçivəsində deyil, siyasi, hüquqi və strateji müstəvidə dərindən mənimsəməsinə, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin funksiyaları, səlahiyyətləri və qərar qəbuletmə mexanizmlərini praktik şəkildə öyrənməsinə xidmət edir.
Layihə çərçivəsində Qərbi Azərbaycana Qayıdış prosesinin konseptual əsasları, bu prosesin diplomatik və hüquqi müstəvidə daşıdığı strateji məzmun, eləcə də Milli Məclisin Azərbaycan dövlətçilik tarixində oynadığı mühüm rol gənclərə həm nəzəri, həm də praktiki formatda təqdim olunacaq.
Ümumilikdə 50 gəncin iştirak etdiyi layihə 6 gün davam etmişdir. İlk 4 gün ərzində iştirakçılar Qərbi Azərbaycanın tarixi və hüquqi əsasları, qayıdış konsepsiyası, Milli Məclisin iş prinsipləri, qanunvericilik mexanizmləri, debat və qətnamə yazımı üzrə intensiv təlimlərdə iştirak edmişdirlər. Son iki gün – isə parlament modelinə uyğun simulyasiya sessiyaları keçirilmiş, komitə və plenar iclaslar təşkil olunmuş, müvafiq qətnamələr hazırlanaraq simuliyasiya daxilində qəbul edilmişdir.
Layihə rəhbəri Yusif Məmmədəlinin sözlərinə görə, bu təşəbbüs gənclərdə analitik düşüncə, ictimai çıxış, debat və qərarvermə bacarıqlarını inkişaf etdirməklə yanaşı, dövlətçilik dəyərlərinə, vətəndaş məsuliyyətinə və tarixi yaddaşa bağlılığın gücləndirilməsinə töhfə verərək gənclərdə tənqidi təfəkkür və siyasi baxış mövqeyini gücləndirməsinə xidmət etmişdir.
Layihə 16–23 yaş aralığında olan, tarix, hüquq, beynəlxalq münasibətlər və siyasi elmlərə maraq göstərən, ictimai fəallığı ilə seçilən gənclər üçün nəzərdə tutulub. İştirakçılar onlayn qeydiyyat və müsahibə əsasında seçilmiş, seçim prosesində gender balansına xüsusi diqqət yetirilmişdir.
Layihənin sonunda bütün iştirakçılara sertifikatlar, fərqlənən iştirakçılar isə xüsusi diplom və dəyərli mükafatlarla təltif edilmişlərdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan bu təşəbbüs ölkəmizdə parlament simulyasiyası formatında həyata keçirilən ilk layihə olmaqla, gələcəkdə digər mühüm ictimai-siyasi mövzular üzrə analoji layihələr üçün nümunəvi model rolunu oynayacaq.























