AZƏRBAYCAN SƏHİYYƏSİNİN ÜZ QARALARINI TANIYIN.

Azərbaycan səhiyyəsində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını, korrupsiyanın qarşısının alınmasını nəzərdə tutan nə kimi mütərəqqi islahat aparılmasına, necə möhtəşəm layihə həyata keçirilməsinə baxmayaraq, hədəflərə yetişmək olmurəhiyyədə rüşvətxorluq baş alıb gedir. Yenə tibbi xidmət yaxşı olsa, dərd yarıdır. Xəstə yiyəsi yaxın adamını həkimdən sağalmış vəziyyətdə təhvil alanda çox vaxt xərclədiyi pulların davasını eləmir. Acınacaqlı hal odur ki, xəstə ölür, xəstə yiyəsi adam itkisi bir yana, maddi ziyan bir yana, tibb işçilərinin ondan pul qopartmaq üçün əl atdıqları qeyri-səmimi, idbar kələk üsullarını xatırlayır və mənəvi iztirab çəkir.

Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, hal-hazırda Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə müvəqqəti məskunlaşan Əzizova Rəsmiyyə Əlövsət qızı “Şimalregion”.az informasiya portalı redaksiyasına 28.01.2026-cı il tarixli ərizə ilə müraciət edərək ailəsinin başına gələn faciəni müşayiət edən neqativ halları, üzləşdiyi cinayətə bərabər hüquqpozmaları ictimaişləşdirməyi, aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılmasını xahiş etmişdir.

Ərizə müəllifi bildirir ki, həyat yoldaşı Əzizov Zülfüqar Qafar oğlu “166” yük taksisi” şirkətində işləyirmiş. 2025-ci il 28-i günü axşam ona sifariş gələndə bildirib ki, maşın təmirə dayanmalıdır. Rəsmiyyə xanımın sözlərinə görə, şirkət rəsmisi israrla onun ərinə həmin reydi yerinə yetirməyini təkid edib və maşının həmin reyddən sonra təmirə dayandırılacağını vəd edib: “Səhər getdi işə, Şabranda yükü boşaldıb qayıdanda bir də sifariş veriblər. O sifarişi götürməyə gedəndə avtomobil qəzasına düşüb. Həmin gün ağır vəziyyətdə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır kəllə-beyin zədələnməsi keçirib, ayaqlarında qırıqlar olub. Həmin gecə dalağı partlayıb, kəsib götürüblər…”

R.Əzizova bildirir ki, xəstəni ailəsinin öz istəkləri ilə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) köçürüblər. Və faciənin davamı orada baş verib. Şikayətçi bildirir ki, 1 saylı KTM-də sözün əsl mənasında soyğunçuluğa məruz qalıblar. Həkimlər, tibb bacıları, xəstə baxıcıları həssas vəziyyətdən sui-istifadə edib ondan üst-üstə xeyli miqdarda pullar alıblar. Ta ki, həyat yoldaşının dünyasının dəyişdiyinin bəlli olduğu 06.01.2026-cı il tarixə qədər. Onun əlində şikayətində göstərdiklərinin sübutu kimi xidmət edəcək dəlillər – votsap səs yazıları və foto-görüntüləri vardır. İddia edir ki, özü və qaynı Əkrəm Əzizov 38 gün ərzində KTM-nin tibb işçilərinə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə nağd şəkildə və bank kartı vasitəsilə köçürmə yolu ilə pullar veriblər. Həkimlərdən Əmrəli Yusifova nağd şəkildə birinci dəfə 500, ikinci dəfə 200, üçüncü dəfə 100, daha sonra 50 manat, Şöhrət Verdiyevə bir dəfə 200, bir dəfə 100, daha sonra iki dəfə 50 manat və s. məbləğlərdə pullar verilib: “Hətta bir dəfə Şöhrət həkim mənə dedi ki, yoldaşın gözünü açır. Mən də sevindiyimdən ona 50 manat muştuluq kimi verdim. O isə mənə dedi ki, əlli manatla yara sağalmır…”

Bundan başqa, ölümlə qalım arasında olan mərhuma 38 gün ərzində plazma, donor qanı lazım olduğu deyilib. Qohumları, dost-tanışı, iş yoldaşları sırasından və elan vasitəsilə tapılmış ümumilikdə 70 nəfərə yaxın xeyirxah şəxs tərəfindən qan verilib. 11 günün tamamında isə xəstənin qida qəbul edə bildiyini deyiblər və toyuq bulyonu, kokteyl, alma şirəsi, kök və çuğundur şirəsi tələb ediblər.

Rəsmiyyə xanım bildirir ki, həmin qidaları özü hazırlayıb və ərinə çatdırıldığına əmin olmaq üçün tibb bacılarına, xəstə baxıcılarına istədikləri pulu verib. Onun sözlərinə görə, göndərdiyi qidanın (qatı bulyonun) həyat yoldaşına şprislə yedizdirildiyinə inanmır. Çünki bir dəfə yanına buraxıldığında təzəcə şlanq vasitəsilə bulyon yedizdirildiyini desələr də, boğazındakı qida ötürücü ləvazimatın tərtəmiz olduğunu, hər hansı qidanın izi qalmadığını müşahidə edibmiş. Bundan başqa, tibb bacısı və xəstə baxıcıları onun həssas və kövrək durumundan istifadə edərək, hər dəfə “gözün aydın, yoldaşın gözünü açdı”, “muştuluq ver, əlini tərpətdi” deyərək, pul müqabilində reanimasiya şöbəsindən gizli olaraq həyat yoldaşının foto və videolarını çəkib ona votsap tətbiqi üzərindən telefonla göndərirmişlər. Elə ki, yoldaşına qida verildiyinin görüntülərinin göndərilməsini istəyəndə buna icazə olmadığını deyirmişlər. Halbuki, Zülfüqar Əzizovun dünyasını dəyişdiyi məlum olan gün çəkilib həyat yoldaşına göndərilən sonuncu fotoşəkildə həyat əlamətlərinin olmadığı aydın görünürmüş.

Bütün bunlar azmış kimi, həyat yoldaşının dəfnindən ötən 3-cü günün axşamı tibb bacısı və xəstə baxıcısı səsli mesajla Rəsmiyyə xanıma həyasızcasına ismarıc göndəriblər ki, bəs, bu axşam onların növbəsidir, xəstəyə onlar baxacaqlar, pullarını versin.
Şikayətçi xatırladır ki, müalicə və dərman xərclərini rəsmən tibbi sığorta qarşılasa da, nə dövlətin ayırdığı vəsaitin, nə də xəstə yaxını olaraq özünün verdiyi pulların təyinatı üzrə xərcləndiyinə inanmır. Odur ki, hüquq-mühafizə, cinayət təqibi orqanlarından xahiş edir ki, mərhum həyat yoldaşının KTM-də yatdığı palatalardan video-görüntülər çıxarılaraq baxış keçirilsin, səfərbər olunmuş donor qanının və qidanın həqiqətən tam həcmdə ona verilib-verilmədiyi yoxlanılsın.
Rəsmiyyə Əzizova media tribunasından üzünü ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, baş prokuror cənab Kamran Əliyevə, səhiyyə naziri cənab Teymur Musayevə tutub xahiş edir ki, 1 saylı KTM-də ondan qeyri-qanuni alınan pulların qaytarılması, rüşvətxor tibb işçilərinin cəzalandırılması təmin olunsun. İki tələbə, bir məktəbli övladının maddi təminatını ödəməkdə çətinlik çəkdiyini deyən şikayətçi eyni zamanda ailənin məruz qaldığı mənəvi ziyana görə də məhkəmə yolu ilə kompensasiya tələb etməkdə qərarlıdır.

Mövzuya qayıdacağıq.Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq