Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsi məqsədilə 34 nəfər müdavimdən ibarət “Traktorçu-maşinist” ixtisası üzrə qısamüddətli kursun açılışı həyata keçirilib.

Kursun əsas məqsədi müdavimlərin müasir kənd təsərrüfatı texnikasının idarə olunması, texniki təhlükəsizlik qaydalarına düzgün əməl edilməsi və praktik bacarıqlarının formalaşdırılmasıdır.

Tədris proqramı nəzəri və praktik hissələrdən ibarət olmaqla real iş şəraitinə uyğun şəkildə təşkil olunur.

Açılış tədbirində kursun tədris planı, davamiyyət və qiymətləndirmə qaydaları, praktik məşğələlərin təşkili, yekun qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib.

Kurs çərçivəsində müdavimlər aşağıdakı bilik və bacarıqları əldə edəcəklər:

Traktor və kənd təsərrüfatı maşınlarının idarə olunması qaydaları
Texnikanın əsas quruluşu və texniki xidmət prinsipləri
Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları
Sahə şəraitində praktik sürmə və iş icrası bacarıqları
Yanacaq sərfiyyatı və texniki resurslardan səmərəli istifadə

Hazırda Mərkəzdə “Traktorçu-maşinist” ixtisası üzrə qısamüddətli kurslar davam edir və müxtəlif ixtisaslar üzrə digər kursların da açılması nəzərdə tutulub. Tədris prosesi plan üzrə uğurla həyata keçirilir.

Qeyd edək ki, kursu uğurla başa vuran müdavimlərə müvafiq qaydada dövlət nümunəli sertifikat təqdim olunacaq.