Prezident İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olub. Səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər, Prezident Donald Trampın iştirakı ilə üçtərəfli Zirvə Görüşünün keçirilməsi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni səhifə açıb. Vaşinqton Zirvə Görüşündən sonrakı dövr tərəfdaşlıq və uzunmüddətli sülhə doğru irəliləyiş mərhələsi kimi xarakterizə edilir.
Bu gün Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumu imzalanıb. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin fevralın 10-da ölkəmizə səfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.
Sənədi Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens imzaladılar. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, Xartiyanın imzalanması altı ay ərzində görülən gərgin işin nəticəsidir. Vaşinqtonda Prezident Donald Trampla keçirilən tarixi görüş və İşçi Qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdı. ABŞ kimi qüdrətli dövlətlə strateji tərəfdaşlıq böyük əhəmiyyət daşıyır.
Bu səfər həm də siyasi simvolizm baxımından əhəmiyyətlidir. ABŞ Vitse-prezidentinin həm Bakıda, həm də İrəvanda olması və sülh sazişinə dair müsbət mesajlar verməsi Vaşinqtonun regionda balanslı və aktiv rol oynamaq niyyətini göstərir.
Nəticə etibarilə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərini institusional çərçivəyə salır, əməkdaşlığı sahələr üzrə sistemləşdirir və illik görüş mexanizmi yaradır. Bu sənəd ikitərəfli münasibətlərin yalnız davamı deyil, həm də onların strukturlaşdırılmış və uzunmüddətli inkişaf modelidir.

Günel Məmmədova
Ş.Qurbanov adına 3 saylı tam orta ümumtəhsil məktəbi ƏPT-nin sədri