Dünyada baş verən acınacaqlı hadisələr bir daha isbat edir ki, nifrət və kinlə ölkə idarə olunmaz. Olunsa belə, sonu xeyrə calanmaz. Hakimiyyət başındasansa, o mövqe sənə xalqın əmanətidir, ən kiçik addımına belə nifrət yansıtmayacaqsan. Müxalif fikrə, açıq sözə sağlam düşüncə ilə yanaşacaqsan, dözümlü olacaqsan. Hər xırda tənqidə görə insanları cəzalandırmaq əmri verməyəcək, narazılıq edənə dəyənək göstərməyəcəksən. Şikayətçi xalqın səsini eşidib, dərdinə dərman olacaqsan. Siyasi yarış meydanını rəqiblərin üzünə qapadıb qoluzorluluq etməyəcək, doğru söz söyləyənin ağzını yummayacaqsan . Zamanı gələndə qanuni şəkildə hakimiyyətdən getmək mədəniyyəti nümayiş etdirib, xalqına düşmən kəsilməyəcəksən. Anlayacaqsan ki, tənqidçilərin sənin düşmənin deyil. Sabah o müxalif tənqidçinin yerində sən ola bilərsən. Sağlam düşüncə ilə ölkələr belə idarə olunur, hakimiyyətlər, siyasətçilər bir-birini belə əvəz edir, tənqidçilər yerini dəyişə-dəyişə ölkəni belə irəli aparır. Elə insanlığın xoşbəxtliyə gedən yolu da hakimiyyətlərin hüquqi yolla bir-birini əvəzləməsindən keçmirmi?..

Azərbaycan həbsxanaları niyə müxalif fikirli insanlarla doludur? Bu düşmənçiliyin hakimiyyətlə xalq arasında necə bir uçurum açdığının fərqindəmisiniz? Ölkədə dərdini gərəkli ünvanlara çatdıra bilməyənlərin səsi olan nə qədər insan var həbsxanalarda! Müxalifət liderləri, jurnalistlər, ictimai, siyasi fəallar, bloqçular. Artıq ölkədə necə bir fikir formalaşıb, bilirsiniz? Prezidentdən tutmuş nazirlərə, icra başçılarına qədər hansının adını çəkib kiçicik bir tənqid ortaya qoysan, qapına dayanıb, səni aparacaqlar. Qorxunc düşüncədir, deyilmi? Amma boşunamı yaranıb bu fikir? Xeyr! Həbsxana həyatı yaşayan insanların sırasına baxaq. Əli Kərimli nə deyirdi? “Demokratik açılım” deyirdi, “azad cəmiyyət” deyirdi, “Avropaya inteqrasiya” deyirdi. Tofiq Yaqublu “insan azadlığı, hüquq və ədalət” deyirdi. Azər Qasımlı “siyasi plüralizm” deyirdi. Rüfət Səfərov, Zabil Qəhrəmanov, Namizəd Səfərov “ədalətli məhkəmə” deyirdi. Akif Qurbanov, Ruslan İzzətli “cümhuriyyət dəyərləri” deyirdi. Bəxtiyar Hacıyev “korrupsiyasız təhsil” deyirdi. Tale Bağırzadə “inanc azadlığı” deyirdi. Anar Məmmədli “azad seçki” deyirdi. Nazim Bəydəmirli “azad sahibkarlıq” deyirdi. Dəyanət Çələbi “söz azadlığı” deyirdi. Cəbhəçilər, gənc ictimai fəallar “hüquq bərabərliyi” deyirdi. “Meydan TV”, “Toplum TV”, “Abzas media” təmsilçiləri “jurnalistika cinayət deyil” deyirdi. Pis heç nə demirdilər ki… Hakimiyyəti tənqid edirdilərmi? Edirdilər, bəzən də ən sərt şəkildə. Buna görə ölkənin parlaq simalarını cəzalandırmağa dəyərdimi? Dəyməzdi, heç bir halda dəyməzdi.

Azərbaycan indiki halıyla qapalı cəzaçəkmə məntəqəsinə bənzəyir. Yalan-dolanlarla nə qədər ört-basdır edilsə də, ölkədə böyük narazılıq var və hər kəs də anlayır ki, bu vəziyyət uzun sürə bilməz. Nəhayət, hakimiyyət düşmənçiliyə son qoyub həbsxana qapılarını açmalı, bütün günahsız insanları azadlığa buraxmalıdır. Sağlam düşüncə tənqidçi səsləri eşitməyin həm xalq, həm də hakimiyyət üçün önəmli olduğunu diktə edir. Ölkəmizdə acınacaqlı təcrübələrin yaşanmasını istəməyən hər kəs bunda maraqlı olmalıdır. Azərbaycanın hüzurlu gələcəyi üçün başqa perspektiv yox!

Səadət Cahangir.

azadlıq qəzeti