ABŞ prezidenti Donald Trampın Davos İqtisadi Forumundakı çıxışı sadəcə klassik diplomatik nitq deyil, əslində yeni geosiyasi davranış modelinin açıq manifesti kimi oxunmalıdır.

Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı haqda söylədikləri şəxsi xatirə yox, liderlik texnologiyasının canlı nümayişidir. Putinin 35 il davam edən bir qarşıdurmanın bir günə həllinə inanmadığını etiraf etməsi və özünün on il ərzində nəticə əldə edə bilməməsi Trampın siyasətə baxışını olduqca aydın göstərir.

Bu baxış liberal-institusional diplomatiya ənənəsinə tam ziddir. XX əsrin sonlarında İmmanuel Kant, Robert Koheyn və Cozef Nay kimi nəzəriyyəçilərin formalaşdırdığı liberal beynəlxalq münasibətlər modeli dialoqa, prosedurlara və institutlara əsaslanırdı.

Tramp isə bu paradigmanı rədd edir, Hans Morqentau, Karl Şmitt və Nikkolo Makiavelli xəttinə yaxın olan sərt siyasi realizmi seçir. Burada əsas anlayış “prosesə əsaslanan diplomatiya” deyil, “nəticəyə əsaslanan qərarvermə”dir.

Trampın “bir günə həll” ifadəsi hərbi əməliyyatların fiziki bitməsi anlamında deyil. Bu, siyasi qərar nöqtəsinin – yəni dönüşsüz məqamın yaradılması deməkdir.

Siyasi elmdə bu anlayış “point of no return” və ya “decisive leverage” adlanır. Lider qarşı tərəfi rasional seçim imkanından çıxarır, alternativləri bağlayır və riskləri bir tərəf üçün dözülməz həddə çatdırır. Bu, Tomas Şellinqin konflikt nəzəriyyəsində təsvir etdiyi “coercive diplomacy” – məcburedici diplomatiyanın praktik tətbiqidir.

Putinin on illərdir uğur qazana bilməməsinin səbəbi də buradadır. Rusiya postsovet məkanında konfliktləri həll etməkdən çox, onları idarə etməyə üstünlük verib. Politologiyada bu yanaşma “frozen conflict management” – “dondurulmuş konfliktlərin idarəsi” kimi tanınır. Bu model Moskva üçün təsir aləti yaradır, amma strateji nəticə vermir. Tramp isə bu strukturu dağıdır, konfliktlər üzərindən qurulmuş iqtisadi və siyasi sistemləri çökdürür.

Ukrayna məsələsi ilə bağlı Trampın Putinə “diqqəti həllə yönəlt” deməsi sadə tövsiyə deyil, strateji mesajdır. Burada Zbiqnev Bjezinskinin “time works against empires” – “vaxt imperiyaların əleyhinə işləyir” tezisi yada düşür.

Tramp açıq şəkildə bildirir ki, zaman Moskvanın xeyrinə işləmir və attrisiya – yıpratma müharibəsi strategiyası uzunmüddətli perspektivdə Rusiyaya strateji zərər gətirir.

Lider tipləri baxımından fərq daha da aydın görünür. Putin sovet KQB məktəbinin yetirməsi kimi uzunmüddətli oyunlara, qeyri-müəyyənliyə və gecikmə taktikasına üstünlük verir. Tramp isə biznes təfəkkürlü liderdir: vaxt resursdur, gecikmə zəiflikdir, risk isə vasitədir. Bu toqquşmada sürət və qərarın radikallığı həlledici faktora çevrilir.

Trampın Davosda dedikləri təkcə Kreml üçün deyil, bütövlükdə qlobal sistem üçün siqnaldır. Vasitəçilik, sonsuz danışıqlar və institusional imitasiya dövrü bağlanır.

Yeni modeldə liderin iradəsi, qərarvermə bacarığı və güc balansını real şəkildə dəyişmək qabiliyyəti ön plana çıxır. Trampın Putinə keçdiyi “master-klass”ın mahiyyəti də elə bundadır: münaqişələr əbədi deyil – onlar sadəcə iradə olmadığı üçün uzanır.