İctimai fəal Etibar Bəşirov yazır;

“Bildirmək istəyirəm ki, “Facebook” sosial şəbəkəsində açdığım “Göyçay Naminə” adlı səhifədə Mərkəzi Aran Regional Təhsil Şöbəsi Göyçay rayonu üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədovun qanunsuz fəaliyyətini tənqid etmişdim. Göyçay şəhəri N. Gəncəvi adına 7 nömrəli tam orta məktəbin direktoru Sərvət Ağayev sözügedən paylaşımın şərh bölmündə “Qaedaş, bax belə biqeyrətlər var, ağlına gələni yazır” kimi qeyri-etik fikir qeyd etmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən, “Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur”. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Xüsusən də həmin dövlət qulluqçusu müəllim kimi şərəfli adı öz üzərində daşıyırsa, o, daha da diqqətli olmalıdır. Necə ki, “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarında “Təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir” bildirilmişdir.

Sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Baş Prokuror cənab Kamran Əliyevdən, Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən xahiş edirəm, qanunlarımızın aliliyini nəzərə alaraq yazdığı şərhlə müəllim adına ləkə gətirən Göyçay şəhəri N. Gəncəvi adına 7 nömrəli tam orta məktəbin direktoru Sərvət Ağayevin qanunamüvafiq cəzalandırılması haqqında etdiyim müraciət təmin olunsun."