Teokratik rejim hər ötən gün zəifləyir və artıq ucqarlar üzərində nəzarəti itirməyə başlayır. Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidanda 9 nəfərin ölümü ilə nəticələnən məhkəmə binasına hücumdan 2 gün sonra eyni şəhərdə növbəti silahlı hücum baş verib. İyulun 28-də baş vermiş ikinci silahlı hücum zamanı SEPAH-a bağlı “Bəsic” qüvvələrinin komandiri Cavad Kərimkoşte öldürülüb. İyulun 26 və 28-də Zahidanda baş verən silahlı hücumlar teokratik rejimin ucqarlarda nəzarəti itirdiyinin göstəricisidir. Aydın görünür ki, İsrailin hava zərbələri rejimin çöküşünü sürətləndirib.
Gücü əsasən silahsız insanlara və qadınlara divan tutmağa çatan Tehrandakı “qırğılar” Qərbi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqla şantaj etməyə çalışırlar. İran parlamentinin Tehrandan olan deputatı, keçmiş diplomat və xarici işlər naziri Mənuçöhr Mottaki deyib ki, üç Avropa ölkəsi sanksiyaları bərpa edən mexanizmi işə salsa İran dərhal Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxacaq.
Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saata dayanadıracağı haqqındakı vədini yerinə yetirə bilməyən Tramp İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasına imkan versə, bu onun siyasi iflası olacaq. Ən azı buna görə Trampın İranın şantajına qarşı dərhal və sərt tədbirlər görəcəyini söyləmək mümkündür. Üstəlik, belə görünür ki bunun üçün koalisiya artıq formalaşıb. Təsadüfi deyil ki, Tehranın nüvə proqramını bərpa edəcəyi təqdirdə onu bir göz qırpımında məhv edəcəkləri ilə bağlı sərt xəbərdarlıqla Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında çıxış edib. Belə görünür ki, Vaşinqton və London hələlik elan olunmamış koalisiya ilə bağlı razılığa gəliblər.
İranın böyük şəhərlərində əhalinin içməli su ilə təminatında yaranmış ağır vəziyyət, susuzluqdan kənd təsərrüfatı rayonlarının fəlakətli vəziyyətlə üzləşməsi sosial-iqtisadi böhranı körükləyir. Bütün bunlar isə teokratik rejimə qarşı dözümsüzlüyü artır. Bir neçə il qabaq rejimin qızğın tərəfdarları olan siyasətçilər də artıq ölkənin belə davam edə bilməyəcəyini ilə bağlı çağrışlar etməyə başlayıblar.
Uzun illər böyük bir çoğrafiyada təhdid mənbəyi olan teokarik rejim gözlərimizin önündə çökür. Belə görünür ki, İranın sonu müammalı helikopter qəzasında həyatını itirən prezident İbrahim Rəisinin ölümünə bənzəyəcək. Ölməkdə olan rejimin tabutuna son mismarı isə ya xarici müdaxilə, ya da baş verməsi hər an gözlənilən sosial partlayış vuracaq.

Xəqani Cəfərli politoloq