Ərəb dövlətləri HƏMAS-ı silahı yerə qoymağa çağırdılar

Fransa və daha 14 ölkə, o cümlədən Kanada və Avstraliya, dünya dövlətlərini Fələstin dövlətini tanımağa çağırır, – deyə Fransa xarici işlər naziri Jan-Noel Barro çərşənbə günü, 30 iyul tarixində bəyan edib.

“Biz Nyu-Yorkda 14 digər ölkə ilə birlikdə birgə bəyanatla çıxış edirik: Fələstin dövlətini tanımağa hazır olduğumuzu bildiririk və hələ bunu etməmiş olanları bizə qoşulmağa çağırırıq”, – deyə Barro çərşənbə günü “X” platformasında yazıb. Bu bəyanat BMT-də İsrail-Fələstin münaqişəsinin “iki dövlətli həllinə” həsr olunmuş nazirlər konfransının yekununda səsləndirilmiş “Nyu-York çağırışı”ndan bir gün sonra verilib.

Fransa ilə yanaşı, bəyanata G20 üzvü olan iki ölkə – Kanada və Avstraliya da qoşulub. Digər iştirakçı ölkələr bunlardır: Andorra, Finlandiya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya və İspaniya.

Bu ölkələrdən doqquzu hələlik Fələstin dövlətini rəsmi olaraq tanımayıb, lakin tanımağa “hazır olduqlarını və ya buna müsbət yanaşdıqlarını” bildiriblər. Onlar bunlardır: Andorra, Avstraliya, Kanada, Finlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Portuqaliya və San-Marino.

Böyük Britaniyanın baş naziri Kir Starmer isə çərşənbə axşamı bildirib ki, əgər İsrail Qəzzada müharibəni dayandırmasa, humanitar vəziyyəti yaxşılaşdırmasa və sülh prosesini bərpa etməyə razı olmasa, Böyük Britaniya Fələstin dövlətini tanıyacaq.

Ötən cümə axşamı Fransa prezidenti Emmanuel Makron isə bəyan edib ki, Fransa sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi şəkildə tanıyacaq.

Bu 15 ölkənin bəyanatı, Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə bazar ertəsi və çərşənbə axşamı günləri Nyu-Yorkda keçirilmiş nazirlər konfransının sonunda elan edilib. Bu iki ölkə İsrail-Fələstin münaqişəsinin həlli üçün “iki dövlətli həll” ideyasını qoruyub saxlamağa çalışırlar — bu ideya hazırda Qəzzadakı müharibə və İordan çayının qərb sahilində İsrail məskənlərinin genişlənməsi fonunda ciddi şübhə altına düşüb.

Konfrans zamanı Səudiyyə Ərəbistanı, Qətər və Misir də daxil olmaqla bir sıra ərəb ölkələri HƏMAS-a silahı yerə qoyaraq Fələstin Administrasiyasına hakimiyyəti təhvil verməyə çağırıb.

Azadlıq qəzeti